Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin 20 aprel 2022-ci il tarixli fərmanı ilə Mədəniyyət Nazirliyinin
tabeliyində yaradılan Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) publik
hüquqi şəxsi iki illik fəaliyyəti zamanı islahat xarakterli bir sıra addımlarla
kino sahəsini dirçəldəcək uğurlara imza atıb.
Dövlət başçısının fərmanında nəzərdə tutulan “Azərbaycan Respublikasında
kinematoqrafiya sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təkmilləşdirilməsi,
Azərbaycan kinematoqrafiyasının beynəlxalq rəqabətə davamlılığının təmin edilməsi,
yerli istehsal və yayım infrastrukturunun müasirləşdirilməsi” istiqamətində təxirəsalınmadan
başlanan işlər artıq özünün müsbət nəticələrini göstərməkdədir. İki il ərzində
görülən işləri konkret faktların dili ilə geniş ictimaiyyətin diqqətinə çatdırmaq istərdik.
Əvvəla onu qeyd edək ki, ARKA-nın
yaranması ilə Azərbaycan kino istehsalında böyük həcmdə sıçrayışlar müşahidə
edilir. ARKA-nın yarandığı və müsabiqələrə start verdiyi zamandan etibarən 40 film-layihənin
seçilməsinə və çəkilişlərinə başlanılmasına nail olunub ki, bu fakt Azərbaycan
kinosunun daha əvvəlki yüksəliş xəttinin və imicinin bərpası yolunda ən mütərəqqi
addımlardan hesab oluna bilər. Sirr deyil ki, Azərbaycan tamaşaçısı keçmiş
filmlərimizin nostalgiyası ilə yaşayır və onların ciddi, komediya, tragikomediya
və s. şəklində daha da intellektli ardıcıllığının bərpa olunmasını arzulayır.
Hazırda ARKA-nın gerçəkləşdirdiyi layihələr hesabına məhz bu tələbat ödənilir. Bütövlükdə
bu filmlərin istehsalına 4.739.661 AZN vəsait ayrılıb. Amma kino sənayesində illər ərzində buraxılan
boşluqları asanlıqla doldurmaq da mümkün deyil. Şübhəsiz ki, yeni dövr, yeni
reallıqlar, ənənələrin baza prinsiplərini yaşada-yaşada yenilənmiş dünya
kinosunun ştrixlərini ekran işlərinə əlavə etmək bir qədər zaman almış olur.
Onun üçün kino cameəsinin də öz işlərinə qeyd etdiyimiz kontekstlər
prizmasından dəyər verməsi və onların da ARKA-nın addımlarına ölkəmizin adı və
beynəlxalq nüfuzunu dərk etməklə dəstək olmaları son dərəcə vacib məqamlardandır.
Biz filmlərimizdə tariximizi də işıqlandırmalı, bu günümüzün də tarixini əks
etdirməliyik ki, həm beynəlxalq festivallara və digər tədbirlərin meydanlarına çıxa
bilək, həm də gələcəyin azərbaycanlılarına dəyərlərimizi və sivil xalq
olduğumuzu çatdıraq. Çatdıraq ki, onlar da estafeti qəbul edəndə bu məsuliyyət
yükünün fərqində olmağın vacibliyini ciddi şəkildə anlasınlar.
ARKA-nın dəstək verməyə
başladığı, çəkiliş və ya post-prodakşn mərhələlərində olan film-layihələrə diqqət
etdikdə sıranı müxtəlif janrlarda tammetrajlı, qısametrajlı bədii, sənədli və
s. filmlərin doldurduğunu görürük. 15 bədii, 9 sənədli, 14 bədii-sənədli, 2
animasiya, 12 tələbə filminin çəkilişləri ilə başlayan və artıq bir qismi sona
çatan proseslər uğurlu nəticələrdən xəbər verir.
ARKA-nın fəaliyyət istiqamətlərində
tələbələrin diplom layihələrinin maliyyələşdirilməsi də xüsusi çəkiyə malikdir.
Belə ki, 12 tələbə filmlərindən ibarət kinoalmanaxa 167.000 AZN dəstək verilməsi Azərbaycan kino sənətinin
tarixində bir ilk olmaqla yanaşı, həm də gələcəyin kino industriyasının
inkişafına təkan, tələbə-gənclərin həvəslənməsinə isə xüsusi töhfədir.
Onu
da qeyd edək ki, kinonun böyük təbliğat vasitəsi olduğunu nəzərə alan ARKA rəhbərliyinin
Azərbaycan kinosunun inkişafı ilə bağlı gördüyü işlər yalnız məhəlli xarakter
daşımır. Qurum Azərbaycan kinosunu beynəlxalq festivallara çıxarır, dünyanın
nüfuzlu film-festivalları vasitəsilə kinomuzu və təbii ki, həm də bu kinoları ərsəyə
gətirən xalqın mədəniyyətini, paralel olaraq dövlətini tanıdır. Bu minvalla
atılan addımların yalnız kiçik bir qismini qeyd etməklə Agentliyin fəaliyyətinin
hansı kino sferalarına ayaq açdığına aydınlıq gətirək. Son günlərdə Azərbaycan Respublikasının Kino
Agentliyinin (ARKA) baş direktoru vəzifəsini icra edən, ssenarist Orxan Fikrətoğlunun
Tacikistanda keçirilən 2-ci “Tocik Somon” Milli Kino Mükafatının təqdimetmə mərasimində
münsiflər heyətində təmsil olunması, 81-ci Venesiya festivalında ARKA-nın 3 Azərbaycan
filmi ilə iştirakı, XV Bakı
Beynəlxalq Film Festivalının keçirilməsi, ARKA-nın Audivizual Sənayenin
İnkişafı və Strateji Təhlil şöbəsinin müdiri Rüfət Qarazadənin 11-ci Beynəlxalq
Egeart Qısametrajlı Filmlər Müsabiqəsinin Beynəlxalq film kateqoriyası üzrə
münsiflər heyətinin sədri seçilməsi, eləcə də ARKA-nın TRT Belgesel kimi
nüfuzlu qurumla əməkdaşlığa başlaması və onlarla belə faktlar Agentliyin üzərinə
qoyulmuş missiyanı uğurla davam etdirdiyinin əyani göstəricisidir.
ARKA həmçinin qeyd etdiyimiz kimi kinomuzun müasirləşməsi istiqamətində də fəaliyyətini davam etdirir. Kinoda prodüser institutunun inkişafına xüsusi önəm verən qurum artıq öz işini kino istehsalçısı yox, operator qismində qurub. Agentlik həmçinin animasiya filmləri və game-lərə də yatırımlar edir.
News365.az