“Prezidentin təklifi gələcəkdə ‘Türk NATO-su’nun yaranmasına zəmin yarada bilər” - Turan Rzayev

“Prezidentin təklifi gələcəkdə ‘Türk NATO-su’nun yaranmasına zəmin yarada bilər” - Turan Rzayev
16:36
Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxışı zamanı üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif etdi.
Sitat:
“Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təliminin keçirilməsini təklif edirik”.
Prezidentin bu unikal təklifi diqqətçəkəndir. TDT hələlik ortaq hərbi təlimlər keçirməyib, amma təşkilata üzv olan ölkələr, məsələn, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan ortaq hərbi təlimlər keçiriblər. Bu mənada, gec-tez belə bir təklifin irəli sürüləcəyi gözlənilən idi. Digər tərəfdən, hazırda belə bir təlimə çox ehtiyac var.
TDT-yə tamhüquqlu və müşahidəçi üzv olan ölkələrin heç də hamısı eyni hərbi sistemə sahib deyillər. Daha dəqiq desək, Macarıstan NATO, Türkiyə NATO və yerli ordu modelinə sahib olduğu halda, Mərkəzi Asiya ölkələrinin çoxu keçmiş SSRİ hərbi sisteminə malikdir. Azərbaycan isə xüsusilə son illərdə aparılan islahatlarla, NATO və Türkiyə modelinə yönəlib. Yəni təşkilat daxilində vahid ordu sistemi yoxdur.
Bu ordu sistemini formalaşdırmaq üçün ilk növbədə Azərbaycan Prezidentinin qeyd etdiyi kimi birgə hərbi təlim keçirilməlidir. Beləliklə üzv və müşahidəçi üzv ölkələrin orduları arasındakı fərqlər müəyyən edilə və bu, gələcəkdə ortaq TDT ordusunun yaradılması praktikasına hazırlıq sayıla bilər. Fərqlər qədər, əskikliklərin müəyyən olunması da mühümdür.
Qeyd etdiyim kimi, bu təlimlər gələcəkdə “Türk NATO-su”nun yaranması üçün mühüm hazırlıq ola bilər. 12.08.2025-ci il tarixində yazdığım bir təhlildə qeyd etmişdim ki, TDT-nin gələcəkdə NATO-ya bənzər təhlükəsizlik mexanizmlərinə və Avropa İttifaqına (Aİ) bənzər iqtisadi inteqrasiyaya sahib olması mümkündür. Hətta bu prosesdə ABŞ və Böyük Britaniya da maraqlıdır.
Aydın məsələdir ki, NATO istisnalar xaric daha çox Avropa xarakterli hərbi təşkilatdır. Bu mənada, ABŞ bütün ölkələri Alyansa üzv etməkdənsə, digər qitə və strateji regionlarda NATO bənzəri təşkilatların yaranmasına dəstək verir. Məsələn, AUKUS (Avstraliya, Birləşmiş Krallıq, ABŞ), QUAD (ABŞ, Yaponiya, Hindistan, Avstraliya), İbrahim Sazişləri (Abraham Accords) layihəsi buna nümunədir. Beləliklə TDT-nin də gələcəkdə hərbi qanadının olması mümkündür.
İstisna deyil ki, sözügedən layihənin gerçəkləşməsi halında ehtimal mərkəz qərargahı Türkiyədə olacaq. Lakin bununla belə, Azərbaycanda da mərkəz qərargah yerləşə bilər. Xüsusən vaxtilə Türkiyə–Rusiya müşahidə məntəqəsinin yerləşdiyi Ağdam, ya da Rusiya sülhməramlılarının yerləşdiyi Xocalıda qərargahın qurulması mümkündür.
Nəticə etibarilə, Prezident İlham Əliyevin TDT-yə üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif etməsi indiki məqamda “Türk NATO-su”nun qurulması mənasına gəlməsə də, gələcəkdə bunun olma ehtimalının müzakirə edildiyi, hətta təsdiqlənməyən, lakin üzərində işlənən bir layihənin masada olması kimi dəyərləndirilə bilər.
Politoloq Turan Rzayev

Sizin reklam burada
Sizin reklam burada