Əfqanıstanı Pakistanla müharibəyə kimlər təhrik edir?- Tural İrfan yazır

Əfqanıstanı Pakistanla müharibəyə kimlər təhrik edir?- Tural İrfan yazır
09:25
ABŞ-ı Çini nəzarətdə saxlamaq üçün Əfqanıstandan hərbi baza istədi. Mollalar rədd cavabı verdi. ABŞ-nin eyni zamanda Əfqanıstandan çıxarkən milyardlarla dollar dəyərində silahı hansı məqsədlə saxladığını ola bilsin Taliban anlamamışdı. Bu silahlar Talibanı, Pakistan da daxil olmaqla qonşu müsəlman ölkələri ilə müharibəyə cəlb edərkən istifadə olunması üçün saxlanıldı. Nəinki Talibanın özünü qoruması üçün.
İsrailin Qətərə hücumundan sonra Səudiyyə Ərəbistanı Pakistanla təhlükəsizlik haqda anlaşma imzaladı. Ümumiyyətlə Pakistanın Yaxın Şərqə sürətlə nüfuz etməsi, müsəlman nüvə dövləti olaraq aktivliyi, proseslərə qoşulması Qərbin ideoloji institutlarında, habelə İsraildə ciddi narahatlıq yaratdı.
Həmas - İsrail müharibəsi ərəfəsində Pakistanın müsəlman damarının tutmasından qorxaraq bir ara Hindistanı üstünə qaldırdılar. Lakin güc balansında Pakistanın üstünlüyünü görüb planı dəyişdilər.
Vaxtilə Əfqanıstanı ABŞ dağıdanda oradan qaçan Talibanın bir qismi hələ də Pakistan ərazilərindədir. Bu etibarla da Üsamə bin Laden ömrünün son saatlarına qədər Pakistanda qalmağı tərcih etmişdi.
Qərb və İsrail kəşfiyyatı, əsasən radikal islamçı qrupların əli ilə hədəflərinə çatırlar. Burada da Talibandan istifadə olunduğu aşkardır. Bu, eynən vaxtilə İranla İraqı savaşdırmaqları kimidir. İsrail və ABŞ İrana silah satırdı, Avropa və Sovet İttifaqı da İraqa silah satırdı. Beləcə iki müsəlmanı bir - birinə qırdırıb varlandılar, həm də hər ikisini zəiflədib təhlükələrindən əmin oldular. 1 milyondan artıq müsəlmanın da qanı töküldü. Heç bir səlib yürüşündə bu qədər müsəlman ölməmişdi.
Müasir texnologiyaların bir çox imkanlarından məhrum qalmış, orta əsrlərin idarəetmə üsulları ilə idarə olunan Əfqanıstanda Qərb dövlətləri və İsrailin agenturasının sayı - hesabı yoxdur. Talibanı Pakistanın üstünə təhrik edirlər. Lakin müharibə Taliban üçün hakimiyyətin itirilməsi ilə nəticələnə bilər. Hərbi, texniki güc baxımından Pakistan müqayisəsiz üstün olsa da Əfqanıstanın da partizan müharibəsində misilsiz təcrübəsi var. Şübhə yoxdur ki, Pakistanın nüvə dövləti olaraq Səudiyyə Ərəbistanı ilə təhlükəsizlik sahəsində müqavilə bağlaması İsraili çox narahat etdi. Və dərhal ABŞ-la danışaraq təklif irəli sürüb Həmasla müharibəni dayandırdılar. Misirdə imzalanan anlaşmanın birinci hissəsinin mürəkkəbi qurumamış Əfqanıstanla Pakistanı savaşdırmaq üçün düyməyə basdılar.
Şübhəsiz ki, vaxtilə Britaniya Hindistandan çıxanda münaqişə ocağı olacaq məqamlara xüsusi diqqət edib, heç zaman sönməyəcək ocaqlar qoyub gedib. Kəşmir problemi də Britaniya mandatının mirasıdır. Həmçinin Pakistan və Əfqanıstan arasında da sərhəddə müəyyən qeyri - dəqiq nöqtələr var... Lakin bu, müharibəyə səbəb olası həddə müşkül məsələ deyil.
Ümid edirəm ki, Pakistan, Əfqanıstan liderləri - Hibətullah Axundzadə, Şahbaz Şərif həqiqəti anlayırlar və yaxın günlərdə qarşılıqlı hücumları dayandıracaqlar. Əfqanıstan hakimiyyəti hələ tam möhkəmlənməyib, tanınmayıb, nizama salınmayıb. Pakistanda da Yaxın Şərqdəki aktivliyindən dolayı müxalif siyasi güclər ayaqlanmağa çalışır. İrana bağlı qruplar da digər tərəfdən Pakistanı içindən yeməyə hazırlaşır. Odur ki, bu iki qonşu müsəlman dövləti arasında müharibə tam ağılsızlıq və Qərbin hiyləsinə alət olmaq olardı.
Tural İrfan, politoloq

Sizin reklam burada
Sizin reklam burada