“Əgər heç kim könüllü olmazsa, İmralıya mən gedər, Öcalanla görüşərəm”- Bülent Arınç

“Əgər heç kim könüllü olmazsa, İmralıya mən gedər, Öcalanla görüşərəm”- Bülent Arınç
16:52

AKP-nin qurucularından, sabiq Baş nazir müavini və Türkiyə Böyük Millət Məclisinin (TBMM) keçmiş sədri Bülent Arınç “Terrorsuz Türkiyə” prosesi ilə bağlı verdiyi açıqlamada diqqətçəkən bəyanat səsləndirib.

News365.az xəbər verir ki, Arınç, ölkədə ictimai barışın təmin olunması üçün cəsarətli və konkret addımların atılmasının vacibliyini vurğulayıb. O bildirib ki, hüquq pozuntularını və cəmiyyətdəki gərginliyi aradan qaldırmaq üçün ən real addım ümumi amnistiya qərarı ola bilər:

“Ədliyyə sistemindəki hüquq pozuntularını, cəmiyyətdəki narazılığı və həbsxanalardakı tıxanmanı aradan qaldıra biləcək yeganə addım, əhatəsi müəyyən olunmuş və ədalətli bir ümumi amnistiyadır. Bu, təkcə hüquqi deyil, həm də insani zərurətdir. Çünki ədalətin gecikdiyi yerdə dövlətin mərhəməti danışmalıdır.”

Siyasətçi “ümid hüququ” anlayışına da toxunaraq, ömürlük məhkumların müəyyən müddətdən sonra yenidən qiymətləndirilməsinin vacibliyini qeyd edib:

“Bu çərçivədə Abdullah Öcalan da digər məhkumlar kimi həmin hüquq kateqoriyasında dəyərləndirilə bilər.”

Arınç həmçinin bildirib ki, parlamentin bu prosesi sağlam şəkildə aparması üçün Öcalanın İmralıda birbaşa dinlənilməsi vacibdir:

“Əgər parlamentin yaratdığı komissiya prosesi düzgün idarə etmək istəyirsə, Abdullah Öcalanın İmralıda birbaşa dinlənməsi lazımdır. Bu görüşmə, prosesin mənəvi və siyasi məsuliyyətini daşıyan qurumların nəzarəti altında həyata keçirilməlidir.”

O, bu səfərin millət vəkilləri və ya cəmiyyətdə etimad qazanmış tərəfsiz şəxslərdən ibarət nümayəndə heyəti ilə təşkil oluna biləcəyini deyib və əlavə edib:

“Risk alınmazsa, uğur da olmaz. Əgər bu məsələdə heç kim könüllü olmazsa, lazım gələrsə, İmralıya mən gedər, Öcalanla görüşərəm.”

Arınç açıqlamasının sonunda görüşün nəticələrinin şəffaf şəkildə ictimaiyyətə təqdim edilməsinin vacibliyini vurğulayıb:

“Bu ölkə susaraq deyil, danışaraq, üzləşərək və həll edərək böyüyəcək.”


Sizin reklam burada
Sizin reklam burada