Xəbər
verdiyimiz kimi Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür
Paşazadə oktyabrın 1-də Amerika Birləşmiş Ştatlarına səfərə yola düşüb. Şeyxülislamın
səfəri İsa Məsih sonuncu gün müqəddəsləri kilsəsinin icması və Stirlinq
Fondunun dəvəti ilə Yuta ştatına səfər proqramına uyğun olaraq reallaşıb.
News365.az xəbər verir ki, ABŞ-a səfəri çərçivəsində
Şeyxülislam Allahşükür Paşazadənin Vaşinqtonda dinlər bağlı qurumlarda, habelə Senat və
Konqres üzvləri ilə görüşlər keçirib.
Allahşükür
Paşazadə və onu müşayiət edən heyətin Ağ Evdə ABŞ vitse-prezidenti ofisinin
Milli təhlükəsizlik məsələləri üzrə xüsusi müşaviri Endryu Lumis,
Vitse-Prezident Aparatının Strateji Məsələlər üzrə Xüsusi Müşaviri Maykl
İmbrenda və Dövlət Departamentinin Siyasət Planlaşdırma Şöbəsinin üzvü Conatan
Askonas ilə görüşləri xüsusi əhəmiyyəd kəsb edir. Həmin görüşlərdə tərəfləri
maraqlandıran məsələlər, o cümlədən, avqustun 8-də ABŞ prezidentİ Donald
Trampın, Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistan baş naziri Nikol
Paşinyanın iştirakı ilə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanan
sülh protokolundan sonra Cənubi Qafqaz regionu üçün yaranmış yeni fürsətlər, Azərbaycanın
nümunəvi məzhəblərarası və dinlərarası təcrübəsinin beynəlxalq miqyaslı önəmi,
o cümlədən, Azərbaycan-ABŞ dinlərarası əməkdaşlıq münasibətlərinin inkişafı və
davamlı sülhün qurulmasında multikultural dəyərlərin rolu kimi mövzular müzakirə
olunub.
Qeyd edək
ki, keçirilən görüşlərdə Şeyxülislam Donald Tramp tərəfindən "Azadlığa Dəstək
Aktı"nın Azərbaycanla bağlı 907-ci düzəlişin fəaliyyətinin
dayandırılmasını yüksək qiymətləndirərək buna görə ABŞ tərəfinə öz minnətdarlığını
bildirib. O, Ağ Ev nümayəndələrini Dövlət Departamentində baş tutan ABŞ Beynəlxalq
Din Azadlığı Komissiyasının üzvləri ilə görüşü haqqında məlumatlandıraraq ABŞ tərəfini
Azərbaycanı din azadlığının vəziyyətinə görə Xüsusi Müşahidə Siyahısından
çıxarmağa çağırıb. Qeyd edib ki, belə bir siyahıda Azərbaycanın adının yer
alması ölkədə hökm sürən multikultural mühitə və dinlərarası harmoniyaya heç də
uyğun deyil.
Görüşlərdə
Allahşükür Paşazadə bir məsələyə xüsusi diqqət ayıırıb. O, ABŞ nümayəndələrinin
diqqətinı çatdırıb ki, son vaxtlar erməni kilsəsinin rəhbərliyi və erməni
diasporası destruktiv mövqedən çıxış edərək sülh prosesinə əngəl olmağa, 8
avqust razılaşmalarına əngəl olmağa çalışır. Bu azmış kimi radikal qüvvələri yeni qarşıdurmaya və revanşizmə çağırır.
Halbuki, əldə edilmiş fürsətdən faydalanmaq üçün dini və ictimai dairələr siyasətçiləri
dəstəkləməlidirlər və Azərbaycan tərəfi bəzi erməni dairələrdən, xüsusilə erməni
kilsəsindən fərqli olaraq bunu edir.
Görüşlər
zamanı Şeyxülislamın bu və digər fikirləri böyük marağa səbəb olub. Onlar səslənən
fikirlərə razılıqlarını ifadə ediblər. Tərəflər dünyada, xüsusilə də mürəkkəb
geosiyasi bölgədə yerləşən Azərbaycan və Ermənistan arasında davamlı və
uzunmüddətli sülhə nail olmaq üçün xalqlar və dinlər arasında qarşılıqlı
etimadın və əməkdaşlığın vacib olduğunda həmfikir olduqlarını qeyd ediblər. ABŞ
tərəfi bu baxımdan Şeyxülislamın hazırki ziyarətinin xüsusi əhəmiyyətini
vurğulayıb. Ali dini liderimiz başçılıq etdiyi QMİ-nin bu istiqamətdə səylərə
öz töhfəsini verməyə davam etdirməyə, sülh və birgəyaşayışı dəstəkləyən dinlərarası
və sivilizasiyalararası beynəlxalq görüş və konfransları, o cümlədən, ABŞ-ın
din əsaslı qurum və təşkilatları ilə birgə layihələri həyata keçirməyə hazır
olduğunu bəyan edib.
Qeyd edək
ki, kimi Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəni
bu səfərdə Azərbaycandan böyük heyət müşahidə edib. Belə ki, BBMM icraçı direktoru Rəvan Həsənov və MM
deputatı Cavanşir Paşazadə digər rəsmi şəxslər Vaşinqton görüşlərində iştirak
ediblər. Onlar da öz çıxışlarında ölkəmizdə
hökm sürən multikultural mühitdən, dövlət-din münasibətlərinin təkmilləşdirilməsində
Azərbaycan parlamentinin rolundan bəhs ediblər. Azərbaycanın dünyada
islamofobiya ilə mübarizədə ardıcıl addımlar atdığını və artıq bu sahədə önəmli
beynəlxalq platformaya çevrildiyini vurğulayıblar. Qafqaz Müsəlmanları İdarəsinin
sədri Şeyxülislam Allahşükür Paşazadənin Amerika Birləşmiş Ştatlarına səfəri
davam edir.
Nəzərə alaq
ki, Qafqaz Müsəlmanları İdarəsi sədri Şeyxülislam Allahşükür Paşazadə bütün ermənilərin
katolikosu II Qareginlə hələlik görüşmək istəmədiyini bəyan edib.
Bir müddət öncə jurnalistlərə açıqlamasında Allahşükür Paşazadə onunla görüşməyi
özünə yaraşdırmadığını deyib:
"II Qareginlə hələlik görüşmək istəmirəm. Onunla görüşməyi özümə
yaraşdırmıram. Qaregin dini sifətindən başqa siyasi sifəti bürünüb. Din adamın
bu qədər siyasətə qoşulması düzgün deyil. Ona görə də onunla görüşmək fikrim
yoxdur".
News365.az