“Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi “Eşidilməyən səslər” adlı layihə çərçivəsində hazırlanmış qısametrajlı filmin təqdimatı baş tutub.
Layihə müharibə qurbanı olmuş azərbaycanlı qadınların zorakılıq, məhrumiyyət və ləyaqətli həyat uğrunda mübarizə təcrübələrinə əsaslanaraq onların danışılmamış hekayələrini işıqlandırmaq və Ermənistanın işğalının nəticələri barədə qlobal məlumatlılığı artırmaq məqsədi daşıyır.
İctimai Birlikdən verilən məlumata görə, film azərbaycanlı qadınların müharibə dövründə və sonrakı illərdə üzləşdiyi çətinlikləri, hüquq pozuntularını və psixoloji travmaları əks etdirir. Filmin ingilis dilinə tərcümə edilərək beynəlxalq auditoriyaya təqdim edilməsi də nəzərdə tutulub.
Layihə çərçivəsində, həmçinin Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı 30 ilə yaxın müddətdə qadınların üzləşdiyi zorakılıqların və sosial nəticələrin təhlil olunduğu tədqiqat hesabatı hazırlanır.
“Mövcud vəziyyətin təhlili göstərir ki, müharibə qurbanı olan azərbaycanlı qadınların səslərinin dünyaya çatdırılması və pozulmuş hüquqlarının beynəlxalq hüquq çərçivəsində müdafiəsi üçün əlavə səylər vacibdir. Layihə bu istiqamətdə mühüm addım atır”, – deyə məlumatda qeyd olunur.