Qərbi azərbaycanlıların pulsuz hüquqi yardımdan faydalana biləcək şəxslər sırasına daxil edilməsi barədə təklif irəli sürülüb.
Bu barədə Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli parlamentin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında "Pulsuz hüquqi yardım" haqqında qanun layihəsinə dair müzakirə zamanı deyib.
Onun sözlərinə görə, Qərbi azərbaycanlılar arasında yeni qanunun onlara tətbiq edilib-edilməyəcəyi ilə bağlı suallar meydana çıxıb.
Komitə sədri Musa Quliyev isə deputata belə cavab verib:
"Sosial baxımdan müdafiəyə ehtiyacı olan qruplara bu müddəalar şamil edildiyindən həmin kateqoriyaya aid insanlara da tətbiq olunmalıdır".
Qeyd edək ki, hazırda müzakirə olunan “Pulsuz hüquqi yardım haqqında” yeni qanun layihəsinə əsasən, gəliri yaşayış minimumundan aşağı olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailənin üzvləri, əlilliyi olan işləməyən şəxslər, işsiz kimi rəsmi qeydiyyatda olanlar, insan alveri qurbanları, məişət zorakılığından zərərçəkənlər, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslərlə yanaşı şəhid ailələrinin üzvləri, müharibə veteranları, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslər, yetkinlik yaşına çatmayanlar, qaçqın statusu alan, Azərbaycan Respublikası tərəfindən siyasi sığınacaq verilmiş şəxslər, cəzaçəkmə müəssisəsindən azad edilmiş şəxslər azad edildiyi gündən bir il müddətində olmaqla, üzərində probasiya nəzarəti həyata keçirilən şəxslər də pulsuz hüquqi yardım hüququna malik olacaqlar.