Almanlar Merzin vaxtından əvvəl vəzifədən gedəcəyini proqnozlaşdırır

Almanlar Merzin vaxtından əvvəl vəzifədən gedəcəyini proqnozlaşdırır
17:20

Almanların əksəriyyəti federal kansler Fridrix Merzin səlahiyyət müddəti 2029-cu ildə başa çatmadan vəzifəsini tərk edəcəyini düşünür. 

News365.az xəbər verir ki, bu, DPA-nın sifarişi ilə "YouGov" institutunun keçirdiyi sorğunun nəticələrindən məlum olub.

Araşdırmaya əsasən, respondentlərin 36 faizi Merzin növbəti Bundestaq seçkilərinə qədər vəzifədən gedəcəyini, lakin 2026-cı ilin sonunadək kansler postunda qalacağını düşünür. Respondentlərin 18 faizi isə onun artıq bu il istefa verəcəyini gözləyir.

Yalnız 29 faiz Merzin 2029-cu ilədək tam səlahiyyət müddətini başa vuracağına inanır. Daha 17 faiz suala cavab verməkdə çətinlik çəkib.

Sorğuda iştirak edənlərin 67 faizi hökumətdəki kadr dəyişikliklərinin kanslerin nüfuzunun azalmasına səbəb olduğunu bildirib.

Merzin mümkün varisi kimi ən çox Şimali Reyn-Vestfaliya əyalətinin baş naziri Hendrik Vyustun adı çəkilib.

DPA-nın məlumatına görə, sorğu avqustun 14-dən 17-dək 2 091 nəfər arasında keçirilib.

Bundan əvvəl Merzin ölkədəki dərin daxili böhran fonunda üç həftədən çox müddət ərzində ictimaiyyət qarşısında görünmədiyi bildirilmişdi. Məmurlar onun harada olması ilə bağlı suallara qeyri-müəyyən cavablar verərək, planlaşdırılmış məzuniyyətə istinad ediblər.

Bundan başqa, Merz "Bild" qəzetinin alman siyasətçiləri arasında keçirdiyi reytinqdə sonuncu yeri tutub. O, Boris Pistorius, Cem Özdemir və Mertsin istefası halında kansler postuna əsas namizədlərdən biri hesab edilən Hendrik Vyustdan geri qalıb.

Sosioloqlar kanslerin populyarlığının hökumətdəki daxili problemlər və onun siyasətindən narazılıq fonunda azaldığını qeyd edirlər.



Sizin reklam burada
Sizin reklam burada