ABŞ–İran qarşıdurması: Tehran strateji üstünlük qazana bilmir, risklər artır

ABŞ–İran qarşıdurması: Tehran strateji üstünlük qazana bilmir, risklər artır
09:31

ABŞ–İran qarşıdurması fonunda yaranmış vəziyyət uzansa da, tərəflərdən heç birinin yaxın zamanda həlledici üstünlük əldə edəcəyi gözlənilmir.

Bu barədə hərbi ekspert Ədalət Verdiyev News365.az-a açıqlamasında bildirib.

Ekspert qeyd edib ki, davam edən proseslər tərəflərə müəyyən mənada imkan yaradıb ki, hərbi texnikalarını bərpa etsin, təmir və servis ehtiyacı olan vasitələri yenidən hazır vəziyyətə gətirsinlər.


Lakin buna baxmayaraq, müharibənin nəticəsinin kiminsə qəti qələbəsi ilə yekunlaşacağı real görünmür.

Onun sözlərinə görə, döyüş əməliyyatlarının əsasən İran ərazisində getməsi və müxtəlif istiqamətlərdə – ABŞ bazalarına, körfəz ölkələrinə və İsrailə endirilən zərbələr Tehrana strateji üstünlük qazandırmır. Ekspert vurğulayıb ki, İran bu qarşıdurmada uduzan tərəf kimi qiymətləndirilə bilər, lakin hələlik strateji məğlubiyyət baş verməyib.

Ədalət Verdiyev bildirib ki, strateji məğlubiyyətin baş verməsi üçün İranın əsas hərbi qüvvələrinin sıradan çıxarılması tələb olunur. Buna baxmayaraq, regionda İranın dəstəklədiyi qüvvələr, o cümlədən Livanda fəaliyyət göstərən Hizbullah müqavimətini davam etdirir və onların mövqeləri İsrail tərəfindən hədəf alınmaqda davam edir.

Ekspert xatırladıb ki, İran əvvəllər danışıqlar üçün irəli sürdüyü şərtlər arasında İsrailin zərbələri dayandırması tələbini də qoymuşdu. Lakin bu tələb yerinə yetirilmədiyindən Tehran artıq bu məsələni əvvəlki kimi gündəmdə saxlamır.

Onun fikrincə, İranın əsas təzyiq mexanizmlərindən biri olan Hürmüz boğazı hazırda effektiv şəkildə istifadə oluna bilmir və bu, ölkə üçün əlavə çətinliklər yaradır. Bu vəziyyət neft ixracında problemlərə, maliyyə çətinliklərinə və daxili bazarda balansın pozulmasına səbəb ola bilər.

Ekspert əlavə edib ki, mövcud şəraitdə İranın ixrac imkanlarının məhdudlaşması hətta ekoloji risklər də yarada bilər. Bu baxımdan, qarşıdakı dövrdə həm iqtisadi, həm də hərbi baxımdan vəziyyətin daha da mürəkkəbləşəcəyi istisna edilmir.


Sizin reklam burada
Sizin reklam burada