SSRİ-nin çöküşünə az qalmış ən müəmmalı ölüm – Nazirin mənzilində nə baş vermişdi?

SSRİ-nin çöküşünə az qalmış ən müəmmalı ölüm – Nazirin mənzilində nə baş vermişdi?
09:59

1991-ci il avqustun 22-də, Moskvada avqust çevrilişi cəhdinin süqutundan dərhal sonra SSRİ-nin 54 yaşlı daxili işlər naziri Boris Puqo öz mənzilində ölü tapılıb.

Musavat.com xəbər verir ki, Boris Puqo SSRİ Daxili İşlər Nazirliyinə rəhbərlik etməklə yanaşı, daha əvvəl Sov.İKP MK yanında Partiya Nəzarəti Komitəsinin sədri olmuş və Dövlət Fövqəladə Vəziyyət Komitəsinin – QKÇP-nin üzvlərindən biri kimi çevriliş cəhdində iştirak etmişdi.

Boris Karloviç Puqo 19 fevral 1937-ci ildə Rusiya SFSR-in Kalinin şəhərində – indiki Tverdə latış ailəsində anadan olub. Sonradan ailəsi Latviyaya köçüb və Puqonun siyasi karyerasının mühüm hissəsi məhz bu respublika ilə bağlı olub. O, Riqa Politexnik İnstitutunu bitirib, əmək fəaliyyətinə mühəndis kimi başlayıb, daha sonra komsomol və Kommunist Partiyası strukturlarında yüksəlib.

Puqonun karyerasında xüsusi xidmət orqanları da mühüm yer tutub. O, 1970-ci illərin ikinci yarısından Latviya SSR Dövlət Təhlükəsizliyi Komitəsində fəaliyyət göstərib, əvvəlcə DTK sədrinin birinci müavini, 1980-ci ildə isə Latviya SSR DTK-nın sədri olub. 1984-cü ildə Latviya Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1988-ci ildə Moskvaya gətirilərək Sov.İKP MK yanında Partiya Nəzarəti Komitəsinin sədri vəzifəsinə təyin edilib. 1990-cı ilin dekabrında isə SSRİ-nin daxili işlər naziri olub. Beləliklə, Puqo SSRİ-nin son illərində həm xüsusi xidmət orqanlarında, həm Kommunist Partiyasının ali strukturlarında, həm də Daxili İşlər Nazirliyində yüksək vəzifələr tutmuş nüfuzlu sovet məmurlarından biri idi.

1991-ci ilin avqustunda isə onun həyatı tamamilə dəyişdi. Puqo QKÇP-yə daxil oldu. Avqustun 19-da fövqəladə vəziyyət elan edildi, Moskvaya hərbi texnika yeridildi. Lakin üç gün davam edən hakimiyyət uğrunda mübarizə QKÇP-nin məğlubiyyəti ilə nəticələndi. Mixail Qorbaçov Forosdan Moskvaya qayıtdı və çevrilişin iştirakçılarına qarşı cinayət təqibi başlandı.

İstintaq materiallarından sonradan dərc olunan sənədlərdə Puqonun QKÇP qərarlarının həyata keçirilməsində daxili işlər naziri kimi imkanlarından istifadə etdiyi göstərilir. SSRİ Prokurorluğu onun barəsində hakimiyyəti ələ keçirməyə yönəlmiş antikonstitusion fəaliyyətdə iştiraka görə cinayət işi açmışdı. Lakin istintaqçılar onu dindirməyə imkan tapmadılar.

Avqustun 22-də səhər Puqonu tapmaq və onunla görüşmək üçün RSFSR DTK-sının rəhbəri Viktor İvanenko, daxili işlər nazirinin birinci müavini Viktor Yerin, prokurorluq nümayəndəsi və Qriqori Yavlinski hərəkətə keçdilər.

Həmin günlərdə Reuters-ə danışan Yavlinskinin sözlərinə görə, əvvəlcə Puqonu bağ evində və tanışlarının ünvanlarında axtarıblar. Daha sonra maraqlı üsula əl atılıb: onun mənzilinə zəng vurulub, telefon bir neçə dəfə çaldırıldıqdan sonra dəstək asılıb və yenidən zəng edilib. Puqo bu dəfə telefona cavab verib.

İvanenko onunla görüşməyin lazım olduğunu deyib. Puqo etiraz etməyib və onları qəbul etməyə razılaşıb.

Təxminən 10-15 dəqiqə sonra qrup mənzilə çatanda isə qapını heç kim açmayıb. Onlar artıq qapını zorla açmağa hazırlaşarkən evdə olan yaşlı kişi qapını açıb.

Mənzildə gördükləri mənzərə sonradan bu hadisə ətrafında onilliklərlə davam edən müzakirələrin əsasını qoyacaqdı.

Puqo ağır güllə yarası almış vəziyyətdə idi. Həyat yoldaşı Valentina da güllə yarası almışdı. Hadisə yerinə ilk daxil olanların xatirələrinə görə, həmin anda hər ikisində həyat əlamətləri hələ qalırdı.

Rəsmi istintaq versiyasına görə, baş verənlər intihar və ailə faciəsi idi. QKÇP işi üzrə sonradan açıqlanan istintaq materiallarında Puqonun çevrilişin məğlubiyyətini və onu gözləyən məsuliyyəti dərk etdikdən sonra həyatına son qoyduğu bildirilirdi.

Lakin hadisə yerindəki bəzi detallar sonradan çoxsaylı suallar doğurdu.

Ən çox müzakirə edilən məqamlardan biri silahın yeri idi. Yavlinskinin həmin günlərdə verdiyi açıqlamalara görə, mənzilə daxil olduqda silah Puqonun əlində deyil, yaxınlıqdakı stolun və ya tumbanın üzərində idi.

İkinci mühüm detal isə gilizlərin sayı idi.

Hadisə yerində üç boş gilizin tapıldığı barədə həm hadisədən dərhal sonra yayılan məlumatlarda, həm də sonrakı mənbələrdə qeydlər var. Məhz üç atəşin necə və hansı ardıcıllıqla açılması Puqo ailəsinin son dəqiqələri ilə bağlı mübahisələrin əsas mövzularından birinə çevrildi.

İlkin versiyalardan birinə görə, Puqo həyat yoldaşına atəş açdıqdan sonra özünü vurmuşdu. Digər izahda isə atəşlərin ardıcıllığında həyat yoldaşı Valentinanın da iştirak etdiyi və silahın sonradan onun tərəfindən kənara qoyulduğu ehtimal edilirdi.

Lakin illər ərzində bu detallardan çıxış edərək Puqonun öldürülməsi barədə müxtəlif versiyalar da irəli sürülüb. Bununla belə, həmin versiyaların heç biri rəsmi istintaq tərəfindən sübuta yetirilmiş qətl faktı kimi qəbul edilməyib. Rəsmi nəticə intihar olaraq qalıb.

Hadisənin başqa bir diqqətçəkən detalı Puqonun ölümündən əvvəl yazdığı məktubdur.

QKÇP işi üzrə istintaq materiallarından sonradan dərc olunan məlumata görə, Puqo məktubunda baş verənləri cinayətə bərabər səhv adlandırır və etibar etdiyi insanlarda yanıldığını bildirirdi.

Onun məktubunda ən diqqətçəkən fikir belə idi:

“Bütün bunlar səhvdir! Mən bütün ömrümü vicdanla yaşamışam”.

Puqonun həyat yoldaşı Valentinaya aid edilən ayrıca məktubun da tapıldığı bildirilir. Məktub ailə üzvlərinə ünvanlanmışdı.

Puqonun ölümü ətrafında maraq yaradan başqa məsələ onun əvvəlki vəzifəsi ilə bağlı idi. O, Sov.İKP MK yanında Partiya Nəzarəti Komitəsinə rəhbərlik etmişdi. Bu vəzifə ona partiya aparatının ən yüksək pillələrində baş verən proseslər haqqında geniş məlumat əldə etmək imkanı verirdi. Buna görə sonrakı illərdə Puqonun Kommunist Partiyasının maliyyə məsələləri və nomenklaturanın fəaliyyəti barədə hansı məlumatlara sahib olması ətrafında da müxtəlif fərziyyələr ortaya çıxdı. Lakin onun ölümünün məhz bu məlumatlarla əlaqəli olduğunu sübut edən mötəbər istintaq nəticəsi yoxdur.

General Aleksandr Qurovun xatirələrində isə Puqonun QKÇP-yə qoşulması ilə bağlı başqa maraqlı detal yer alır. Qurovun sözlərinə görə, Puqo bu addımını ölkədə qan tökülməsinin qarşısını almaq istəyi ilə əsaslandırırdı. O, bəzi şəxslər kimi Forosa gedərək Qorbaçov qarşısında özünü doğrultmaq niyyətində olmadığını söyləmişdi.

Puqonun faciəsi bununla da bitmədi. Həyat yoldaşı Valentina aldığı ağır güllə yarasından sonra xəstəxanaya çatdırıldı, lakin onu xilas etmək mümkün olmadı.

Beləliklə, avqustun 19-da SSRİ-nin ən qüdrətli adamlarından biri kimi fövqəladə vəziyyət elan edən siyasi qrupun tərkibində olan Boris Puqo cəmi üç gün sonra öz mənzilində ölümcül güllə yarası ilə tapılmışdı.

SSRİ-nin özünün də ömrünə çox az qalmışdı. 1991-ci ilin dekabrında Sovet İttifaqı rəsmən mövcudluğunu dayandırdı.

Puqonun ölümü ilə bağlı rəsmi versiya intihar olaraq qalır. Lakin onu həbs etməyə gələn qrupla son telefon danışığı, qapı açıldıqdan sonra qarşılaşdıqları mənzərə, üç giliz, silahın Puqonun əlində deyil, kənarda olması və ölümqabağı məktublar 22 avqust 1991-ci il hadisəsini SSRİ-nin son aylarının ən çox müzakirə edilən faciələrindən birinə çevirib.

Boris Puqonun ölümü SSRİ tarixinin son səhifələrində təkcə bir yüksək vəzifəli məmurun faciəsi deyil, böyük bir dövlətin dağılmasının ən dramatik epizodlarından biri kimi qalıb.


Sizin reklam burada
Sizin reklam burada