ABŞ və Çin danışıqları: "Razılaşma olmasa gərginlik arta bilər"

ABŞ və Çin danışıqları: "Razılaşma olmasa gərginlik arta bilər"
11:36

ABŞ və Çin arasında münasibətlər, xüsusilə Tayvan, İran və Hürmüz boğazı kimi strateji məsələlər fonunda müzakirə olunur. Politoloqlar hesab edirlər ki, tərəflər arasında aparılan danışıqlar regionda geosiyasi balansın gələcək istiqamətini müəyyən edə bilər.

ABŞ və Çin arasında aparılan danışıqlar və yüksək səviyyəli görüşlər beynəlxalq siyasi gündəmdə diqqət mərkəzində qalmaqda davam edir.

Politoloq Elşad Həsənov News365.az-a açıqlamasında bildirib ki, mövcud proseslər tərəflərin bir-biri ilə hesablaşmasını və müəyyən məsələlər üzrə razılaşma axtarışını zəruri edir.

Onun sözlərinə görə, ABŞ prezidentinin Çinə planlaşdırılan səfərinin müxtəlif geosiyasi səbəblərlə təxirə salınaraq daha sonra həyata keçirilməsi də bu gərgin proseslərin tərkib hissəsidir. O qeyd edib ki, görüşlər zamanı Tayvan məsələsi əsas müzakirə mövzularından biri olub.

Politoloq iddia edir ki, Hürmüz boğazı ilə bağlı tərəflər arasında müəyyən razılaşma əldə olunub və gəmiçilik təhlükəsizliyi, eləcə də sərbəst keçid prinsiplərinin müzakirə edildiyi bildirilir.

Elşad Həsənov əlavə edib ki, İran məsələsi də danışıqların əsas istiqamətlərindən biridir və bu mövzuda hələlik yekun nəticə açıqlanmayıb.

Onun fikrincə, əgər İranın nüvə proqramı ilə bağlı razılaşma əldə olunmazsa, ABŞ tərəfindən daha sərt addımların atılması ehtimalı istisna edilmir. Politoloq bildirib ki, bu proseslər ABŞ-Çin-İran üçbucağında gərginliyin gələcəkdə də davam edəcəyini göstərir.


Sizin reklam burada
Sizin reklam burada