ABŞ-Türkiyə münasibətlərində F-35 qırıcıları ətrafında yenidən qızışan müzakirələr Yaxın Şərqin geosiyasi mənzərəsini dəyişməyə namizəddir. Ankara ilə Vaşinqton arasında əldə olunan razılıq regionda güclər nisbətini Türkiyənin lehinə dəyişdiyi bir vaxtda, Tel-Əviv bu prosesi böyük təşvişlə izləyir.
Türkiyədə keçirilən son NATO Sammiti çərçivəsində ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında baş tutan ikitərəfli görüş həlledici addımlarla yadda qaldı. Danışıqların ən vacib nəticələrindən biri Türkiyənin yenidən F-35 proqramına inteqrasiya olunması və hərbi qırıcıların Ankaraya təhvil verilməsi ilə bağlı ilkin razılığın əldə olunmasıdır.
Bu razılığın reallaşması Türkiyə Hərbi Hava Qüvvələrinin döyüş qabiliyyətini və hava üstünlüyünü əhəmiyyətli dərəcədə artıracaq. Lakin Ankaranın regional gücünün artması İsraili ciddi şəkildə narahat edir. Məlumata görə, İsrail Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla gözlənilən görüşündə F-35 təyyarələrinin Türkiyəyə verilməməsi tələbini şəxsən irəli sürəcək.
Buna baxmayaraq, Vaşinqtonun müdafiə və xarici siyasəti yalnız öz milli və strateji maraqları üzərində qurulduğundan, İsrailin bu təzyiqlərinin nə dərəcədə effekti olacağı sual altındadır.

Məsələni News365.az-a şərh edən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Tramp və Ərdoğan arasındakı dialoq iki ölkə əlaqələrində tamamilə yeni mərhələnin başlanğıcıdır:
"Vaşinqton və Ankara xüsusilə Suriya istiqamətində və regional təhlükəsizlik məsələlərində artıq müəyyən əməkdaşlıq formatları formalaşdırıblar. ABŞ üçün Türkiyə sıradan bir NATO müttəfiqi deyil; o, Yaxın Şərq, Cənubi Qafqaz, Xəzər hövzəsi və Mərkəzi Asiyada əvəzolunmaz geosiyasi tərəfdaşdır. Məhz bu fakt Vaşinqtonun Ankara ilə hərbi-strateji tərəfdaşlığı bərpa etmək istəyini şərtləndirir."
Ekspert əlavə edib ki, Netanyahunun maneə olmaq cəhdlərinə baxmayaraq, F-35 təyyarələrinin Türkiyəyə tam təhvil verilməsi prosesi ABŞ Konqresinin mövqeyindən, hüquqi prosedurların gedişindən və ikitərəfli danışıqların yekun nəticələrindən birbaşa asılı olacaq.