İranın Ukraynadan təzminat tələbi: Ekspertdən hadisəyə qiymət

İranın Ukraynadan təzminat tələbi: Ekspertdən hadisəyə qiymət
14:15

İranın Ukraynadan zərər çəkdiyi iddia edilən ticarət gəmisinə görə təzminat tələb etməsi beynəlxalq gündəmdə müzakirə olunan məsələlərdən biridir.

Mövzu ilə bağlı News365.az-a açıqlama verən siyasi şərhçi Elşad Həsənov bildirib ki, məsələnin hərbi müstəvidən daha çox diplomatik yollarla həll olunması məqsədəuyğundur.


Elşad Həsənovun sözlərinə görə, hazırda İranla ABŞ arasında gərginlik və qarşıdurma elementləri davam edir və bu da regiondakı proseslərə təsir göstərir.

"Hazırkı dövrdə İranla ABŞ arasında qarşıdurma davam edir. Bu səbəbdən İran müxtəlif istiqamətlərdə addımlar atmağa çalışır. Hesab edirəm ki, bu proseslərə digər güclər də təsir göstərir. Avropa İttifaqı isə diplomatik yolların üstün tutulmasını istəyir və hadisənin bütün təfərrüatlarının araşdırılmasının tərəfdarıdır."

Ekspert hesab edir ki, İranın təzminat tələbi hərbi eskalasiyadan daha çox diplomatik yanaşma kimi qiymətləndirilməlidir.

"İranın dəymiş ziyanın ödənilməsini tələb etməsi məncə daha doğru, diplomatik və sülhə xidmət edən variantdır. Hər halda bu, hərbi cavabdan daha məqbul yanaşmadır."

Bununla yanaşı, Həsənov qeyd edib ki, İranda sərt mövqe nümayiş etdirən qüvvələr Ukraynaya cavab verilə biləcəyini bəyan etsələr də, bunun reallaşacağı inandırıcı görünmür.

"İran daxilində sərt mövqedə olan qüvvələr Ukraynaya cavab zərbəsi endirməyə hazır olduqlarını bildirirlər. Lakin hesab edirəm ki, bunun baş vermə ehtimalı yüksək deyil."

Ekspert vurğulayıb ki, insidentlə bağlı bütün faktlar araşdırılmalıdır.

"Tam aydınlaşdırılmalıdır ki, söhbət həqiqətən də mülki ticarət gəmisindən gedir, yoxsa həmin gəmidə hərbi təyinatlı yüklər də olub. Bu məsələ dəqiq araşdırılmadan yekun nəticəyə gəlmək düzgün olmaz."

Elşad Həsənov xatırladıb ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri İran Moskvanın əsas tərəfdaşlarından biri kimi çıxış edib.

"Rusiya-Ukrayna müharibəsi başlayandan İran daim Rusiyaya pilotsuz uçuş aparatları ilə dəstək verib. Müxtəlif məlumatlara görə, raketlərlə bağlı da əməkdaşlıq olub. Buna görə də Ukraynanın İrana qarşı həssas münasibət göstərməsi başadüşüləndir."


Sizin reklam burada
Sizin reklam burada