“Ağ Ev üçün son dərəcə risklidir” - İran Körfəz planını darmadağın edir

“Ağ Ev üçün son dərəcə risklidir” - İran Körfəz planını darmadağın edir
09:35

Yaxın Şərqdə İran ətrafında alovlanan hərbi-siyasi gərginlik artıq daha geniş miqyas alaraq Xəzər və Qırmızı dəniz hövzələrinə doğru yayılmaqdadır.

"Reuters" agentliyinin məlumatına görə, ABŞ-nin hava zərbələrini müvəqqəti dayandırmasına baxmayaraq, münaqişə zonası yeni coğrafi mərhələyə keçib. Husilərin Səudiyyə Ərəbistanına hücumları, eyni zamanda İranın Xəzərdə yaşanan insidentdə Ukraynanı günahlandırması beynəlxalq təhlükəsizlik risklərini pik həddə çatdırıb.

Bəs münaqişənin Xəzər və Qırmızı dənizə sıçraması hansı geosiyasi nəticələrə gətirib çıxara bilər? ABŞ-nin geri çəkilməsi fonunda yeni hərbi cəbhələrin açılması nə dərəcədə realdır?

Məsələ ilə bağlı News365.az-a açıqlama verən Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib ki, Vaşinqtonun hava hücumlarını dayandırması onun seçkiöncəsi genişmiqyaslı eskalasiyada maraqlı olmamasından və sursat çatışmazlığı ilə üzləşməsindən qaynaqlanır:

"Əvvəlcədən bəlli idi ki, yalnız hava zərbələri ilə İrana qarşı istənilən nəticəni əldə etmək mümkün deyil. Quru əməliyyatları isə Ağ Ev üçün son dərəcə ağır və riskli nəticələr doğura bilər. İran ABŞ-nin düşdüyü bu çətin durumdan fürsət kimi istifadə edərək, Körfəz ölkələrində İsrail və Vaşinqtonun illərlə formalaşdırdığı 'təhlükəsizlik arxitekturası'nı darmadağın etməyə çalışır və buna müəyyən dərəcədə nail olub."

Politoloq vurğulayıb ki, ABŞ-İran qarşıdurması artıq Ukrayna müharibəsi kimi çoxtərəfli xarakter almağa başlayıb. Tehranın husilər vasitəsilə verdiyi mesajlar birbaşa Səudiyyə Ərəbistanı və ABŞ-nin neft təhlükəsizliyinə hədəflənib.

Xəzər və Qara dənizdə mülki gəmilərə hücumların presedent yaratdığını deyən ekspert, diplomatik danışıqların iflasa uğradığı bir vaxtda risklərin artdığını diqqətə çatdırıb:

"Hələ ki regionda tam miqyaslı yeni cəbhələrin açılma ehtimalı aşağı qiymətləndirilsə də, bu ssenari tamamilə istisna olunmur. Əgər bu baş verərsə, qlobal təhlükəsizlik sistemi daha dağıdıcı və idarəolunmaz bir mərhələyə qədəm qoyacaq."


Sizin reklam burada
Sizin reklam burada