Ailənin yeganə oğlan övladlarının hərbi xidmətə fərqli qaydada çağırılması və ya onlara müəyyən güzəştlərin olunması ilə bağlı səsləndirilən fikir və iddialar həqiqəti əks etdirmir. Hazırda nə qanunverici orqanda, nə də güc strukturlarında belə bir mövzu müzakirə olunur.
Məsələ ilə bağlı açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, mövcud şəraitdə belə bir mexanizmin tətbiqi həm praktiki, həm də strateji baxımdan mümkün deyil.
Ekspertin sözlərinə görə, ölkədəki mövcud statistik mənzərə belə bir güzəştə imkan vermir:
"Azərbaycanda ailələrin böyük əksəriyyətində bir oğlan övladı böyüyür. Onlara hər hansı xüsusi statutun verilməsi və ya xidmət yerlərinin fərqli seçilməsi ordunun komplektləşdirilməsi prosesini iflic edə bilər. Nə parlamentdə, nə də hərbi qurumlarda bu barədə hər hansı təşəbbüs var."
Ə.Verdiyev diqqətə çatdırıb ki, bu cür yanaşma ölkədəki doğum göstəricilərinə də mənfi təsir göstərə bilər:
Demoqrafiya: Ailələr ikinci oğlan övladının dünyaya gəlməsində tərəddüd edə bilər ki, bu da azalan doğum sayına əlavə zərbə vurar.
Hüquqi bərabərlik: Konstitusiyaya əsasən bütün vətəndaşlar qanun qarşısında bərabərdir. Ailədə başqa oğlanın olub-olmamasına görə fərq qoymaq vətəndaşlıq borcunun icrasında bərabərlik prinsipini pozur.
Regional hərbi-siyasi vəziyyətə toxunan ekspert vurğulayıb ki, qonşu regionlarda gedən müharibələr və qlobal gərginlik fonunda ordunun döyüş qabiliyyətini və say tərkibini yüksək səviyyədə saxlamaq həyati əhəmiyyət kəsb edir. O, Avropa ölkələrindəki modellərin Azərbaycan reallığına uyğun gəlmədiyini və bu mərhələdə hər hansı güzəştdən söz gedə bilməyəcəyini əlavə edib.