Yaxın Şərqdə artan gərginlik, İranın nüvə proqramı ətrafında davam edən müzakirələr və ABŞ-la münasibətlərdə yaşanan qarşıdurma beynəlxalq gündəmin əsas mövzularından biri olaraq qalır. Ekspertlər hesab edirlər ki, Tehran regiondakı strateji iddialarından geri çəkilmək niyyətində deyil və bu vəziyyət gələcəkdə yeni qarşıdurma risklərini artırır.
Millət vəkili Rasim Musabəyov hesab edir ki, İran nüvə proqramı və regional siyasəti ilə bağlı mövqeyindən geri çəkilməyəcək. O, bu barədə News365.az-a açıqlamasında danışıb.

Deputat bildirib ki, ABŞ-ın İran qarşısında əsas tələbi nüvə proqramı və nüvə silahı ilə bağlı niyyətlərin məhdudlaşdırılmasıdır:
“İranda çox yaxşı anlayırlar ki, ABŞ-ın nüvə silahı ilə bağlı tələbləri yerinə yetirilməsə, İrana qarşı bütün sanksiyalar yenidən bərpa olunacaq. Neft satışına da qadağalar qoyulacaq və satışdan əldə olunan vəsaitlər bloklanacaq. Təbii ki, prosesin uzadılmasına çalışacaqlar, müxtəlif gecikmələr yaradacaqlar. Amma düşünürəm ki, İran rəhbərliyi öz iddialarından əl çəkməyəcək”.
Rasim Musabəyov qeyd edib ki, Tehran həm nüvə proqramı, həm raket proqramı, həm də Hörmüz boğazı ilə bağlı siyasətini davam etdirmək niyyətindədir:
“İran regionda dominantlıq etmək istəyir və bu iddialardan geri çəkilən deyil. Ancaq onların qarşısında həm qonşu dövlətlər, həm də ABŞ dayanır. ABŞ İranın bu məsələdə çox irəli getməsinə imkan verməyəcək”.
Millət vəkili mümkün razılaşmaların da uzunmüddətli olmayacağını düşünür:
“Müvəqqəti kompromislər ola bilər. İndi hansısa pilotsuz uçuş aparatları və ya bir-iki raket zərbəsini şişirtməzdim. Ukraynanın başına yüzlərlə raket və PUA düşür və buna davam gətirirlər. Düşünürəm ki, hansısa razılaşma əldə olunsa belə, bu cür hadisələr yenə təkrarlanacaq”.
Deputat əlavə edib ki, gələcəkdə İranın yenidən gərginliyi artıracaq addımlar atması mümkündür:
“Mən istisna etmirəm ki, müəyyən müddətdən sonra İran rəhbərliyi yenidən vəziyyəti yoxlamağa çalışacaq. Həm Hörmüz boğazı, həm də nüvə proqramı ilə bağlı qəbul olunmayan addımlar ata bilər və bunun müqabilində cavab zərbələri alacaq”.