ABŞ-də Xocalı soyqırımına həsr edilən tədbir keçirilib

ABŞ-də Xocalı soyqırımına həsr edilən tədbir keçirilib
16:36

25 fevral tarixində, ABŞ-ın Kolorado ştatının Denver şəhərindəki Denver Universitetində "Khojaly Voices: A Day of Remembrance" adlı tədbir keçirilib.

News365.az xəbər verir ki, tədbir, Kolorado Azərbaycan Diasporası təşkilatının rəhbəri, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunub.

Anım mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikasının ABŞ-dakı Konsulluğunun, Azərbaycan icmasının və yerli ictimaiyyətin üzvləri iştirak edib.

Azərbaycan və ABŞ-nin Dövlət himnləri səsləndirilib və Xocalı soyqırımı qurbanları, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Açılış nitqi ilə çıxış edən Azərbaycanlıların Koloradodakı Diasporasının rəhbəri Nigar Şıxsəfiyeva qonaqları salamlayaraq Xocalı soyqırımı haqqında iştirakçılara ətraflı məlumat verib.

Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova Xocalı soyqırımının xalqımızın qan yaddaşı olmasından, beynəlxalq ədalətin bərpası istiqamətində görülən işlərdən, 30 illik həsrətdən sonra məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışından danışıb.

Azərbaycan Respublikasının Los-Ancelisdəki Baş Konsulluğunun konsulu Ramiz Daşdəmirov soyqırımın ABŞ-da hüquqi qiymət verilməsinə nail olmaq üçün konsulluğun gördüyü işlərdən danışıb.

Konfransda ElTV və “Vətən” Azərbsycan Mədəniyyət və İncəsənət Mərkəzinin “History of Azerbaijan” layihəsi çərçivəsində çəkilmiş Xocalı faciəsindən bəhs edən film nümayiş olunub.

Qısa fasilədən sonra, icma üzvü Ülviyyə Adıgözəlova Xocalı Soyrımı qurbanlarının xatirəsinə həzin musigi ifa etmiş, həmçinin Koloradodakı diasporamızın 5 azyaşlısı tərəfindən Xocalı soyqırımının azyaşlı qurbanlarına ithaf olunmuş teatr səhnəsi nümayiş olunmuş və müxtəlif şeirlər səslənib.

Sonda icma üzvləri Kolorado ştatında Diasporanın yeni yaranmasına baxmayaraq belə bir tədbirin təşkil olunmasına görə minnətdarlıq ifadə etdilər və gələcək fəaliyyətində uğurlar arzu ediblər.

Qeyd edək ki, belə tədbirlərin xüsusi ilə də ABŞ-da keçirilməsi, erməni dezinformasiyalarının qarşısının alınması və regionda davamlı sülh və sabitliyin təmin edilməsi məsələlərinə diqqətin yönəldilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bu cür fəaliyyətlər, həmçinin regionda ədalət və həqiqətin bərpa edilməsinə də töhfə verir.


Sizin reklam burada
Sizin reklam burada