ABŞ fentanil alverinə qarşı yeni sanksiyalar tətbiq edib
News365.az xəbər verir ki, ABŞ Xəzinədarlıq Departamenti fentanilin qeyri-qanuni istehsalı və ticarətini hədəfə alan beynəlxalq mübarizə çərçivəsində, Meksika mənşəli bir şəbəkəyə qarşı yeni sanksiyalar tətbiq edib. Departamentin sözçüsü Tammy Bruce bildirib ki, ABŞ-da 18-49 yaş arası insanların ölüm səbəbləri arasında birinci yerdə olan fentanilə qarşı qlobal səylərə ABŞ rəhbərlik edir.
Bu gün Xəzinədarlıq, fentanil alveri, yanacaq oğurluğu və xam neft qaçaqmalçılığı ilə məşğul olan Meksikada yerləşən və Cartel de Jalisco Nueva Generación (CJNG) qruplaşması ilə əlaqəli əsas şəbəkəni sanksiyalarla hədəfləyib. Bu çərçivədə üç Meksika vətəndaşına və iki hüquqi şəxsə qarşı sanksiya tətbiq olunub.
Həmin şəbəkənin hər il yüz milyonlarla dollar gəlir əldə etdiyi və bu vəsaitlərin CJNG-nin narkotik və terror fəaliyyətlərini maliyyələşdirdiyi vurğulanıb. Sanksiyalar, CJNG-nin Xarici Terror Təşkilatı (FTO) və Xüsusi Təyin olunmuş Qlobal Terrorçu (SDGT) kimi tanınmasından sonra həyata keçirilib.
Bundan əlavə, ABŞ Dövlət Departamenti CJNG-nin həmtəsisçisi və hazırkı lideri, “El Mencho” ləqəbli Nemesio Rubén Oseguera Cervantes-in həbsinə və ya məhkum edilməsinə səbəb olacaq məlumat üçün 15 milyon dollara qədər mükafat təklif edib.
ABŞ rəsmiləri bildiriblər ki, bu addım zəhərli maddələrin ölkə küçələrindən uzaqlaşdırılması və cinayətkar təşkilatların maliyyə axınlarının kəsilməsi ilə Amerika xalqının təhlükəsizliyini qorumağa yönəlib. Eyni zamanda bu, Tramp administrasiyasının narkotik kartellərinə qarşı apardığı mübarizənin davam etdiyini göstərir.