Abramoviçin milyardlarının gizlədilməsində “Deloitte”un adı hallanır

Abramoviçin milyardlarının gizlədilməsində “Deloitte”un adı hallanır
14:10

Böyük Britaniyanın “Deloitte” audit şirkətinin rusiyalı milyarder Roman Abramoviçin sərvətini gizlətmək və vergidən yayınmasına kömək etmək məqsədilə maliyyə sənədlərinin saxtalaşdırılmasında iştirak etdiyi iddia olunur.

News365.az xəbər verir ki, bu barədə BBC-nin “Panorama” proqramı və Araşdırma Jurnalistikası Bürosunun birgə araşdırmasında bildirilib.

Araşdırmaya əsasən, Kiprdə təsdiqlənən maliyyə hesabatları vasitəsilə Abramoviçlə əlaqəli şirkətin balansından ümumi dəyəri 672 milyon dollar olan lüks daşınmaz əmlak, yaxtalar, helikopterlər və şəxsi təyyarələr çıxarılıb. Sənədlərdə aktivlərin üç il əvvəl başqa şirkətə ötürüldüyü göstərilib.

Jurnalistlərin əldə etdiyi məlumatlar “Deloitte” şirkətinin Abramoviçin sərvəti ilə bağlı vergi öhdəliklərindən yayınmağa imkan verən sxemə dair məsləhətlər verdiyini də ehtimal etməyə əsas yaradır.

Araşdırmada Kiprdə qeydiyyatdan keçmiş və Abramoviçlə əlaqəli olan digər şirkətlərin maliyyə əməliyyatları da təhlil edilib. Sənədlərə görə, milyardlarla dollarlıq vəsaitin faktiki sahiblik məlumatlarının dəyişdirilməsi və geriyə tarixlənmiş sənədlər vasitəsilə gizlədilməsi nəticəsində şirkətlərin hesabatlarında daha az aktiv göstərilib.

Maliyyə hüququ üzrə mütəxəssis Endryu Mitçel iddia edilən sxemi açıq vergi yayınması kimi qiymətləndirib. Britaniyalı mühasibatlıq professoru Lord Sikka isə maliyyə sənədlərində əməliyyat tarixlərinin təhrif olunmasını qanuni öhdəliklərin pozulması kimi dəyərləndirib.

“Deloitte” və Abramoviçin vəkilləri ittihamları rədd edir

Roman Abramoviçin vəkilləri onun vergidən yayındığı və sərvətini gizlətdiyi iddialarını rədd ediblər. Onlar araşdırmada milyarderin sənədlərin saxtalaşdırılmasından xəbərdar olduğunu və ya buna göstəriş verdiyini sübut edən dəlillərin olmadığını bildiriblər.

“Deloitte Cyprus” isə fəaliyyətinin qüvvədə olan qanunlara uyğun olduğunu bəyan edib.

Araşdırma 1995–2022-ci illər ərzində Abramoviçin maliyyə fəaliyyəti və Kiprdəki ofşor şirkətlər şəbəkəsi ilə bağlı sızdırılmış minlərlə sənədə əsaslanır.

Qeyd edək ki, Roman Abramoviç 2003-cü ildə “Çelsi” futbol klubunu satın alıb. Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Böyük Britaniya hökuməti onu sanksiya siyahısına daxil edib və nəticədə milyarder klubu satmağa məcbur olub. Abramoviçə məxsus milyardlarla funt sterlinq dəyərində aktivlərin bir hissəsi isə Cersi adasında dondurulmuş vəziyyətdə qalır.


Sizin reklam burada
Sizin reklam burada