Bərdə rayonunun Lənbəran kənd tam orta məktəbinin fizika müəllimi Qasım Hümmətovun sinif otağında çəkdiyi video müzakirələrə səbəb olub.
News365.az xəbər verir ki, müəllim 11-ci sinif şagirdlərinin dərsə gəlmədiyini bildirərək sinfin tamamilə boş olduğuna diqqət çəkib. Q.Hümmətov paylaşımında qeyd edib ki, dərs saatı olmasına baxmayaraq, şagirdlərin dərsə davamiyyəti sıfırdır və onların qaiblərini də jurnalda qeyd edib. O, eyni zamanda məktəbdə direktorun yeni təyin olunduğunu da əlavə edib.
Məsələ ilə bağlı Qarabağ Regional Təhsil İdarəsinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, məsələ nəzarətə götürülüb: “Qarabağ Regional Təhsil İdarəsi tərəfindən aparılan ilkin araşdırmalar zamanı müəyyən olunub ki, qeyd edilən gün 11-ci sinif şagirdləri 6-cı saatda fizika fənn müəllimi Hümbətov Qasım Ramiz oğlunun icazəsi ilə evə buraxılıblar. Bu səbəbdən həmin dərs saatlarında şagirdlərin iştirakı qeydə alınmayıb.
Məsələ ilə bağlı məktəb rəhbərliyi tərəfindən valideynlərlə söhbət aparılıb, aidiyyəti qrumlara müraciət edilib.
Hazırda məktəbdə tədris prosesi gündəlik əsasda monitorinq olunur, əlavə nəzarət tədbirləri gücləndirilib.
Eyni zamanda, qeyd olunan videogörüntüləri paylaşan müəllim barəsində “Təhsil verənlərin etik davranış qaydaları”nın pozulması ilə əlaqədar müvafiq tədbir görülüb”.
“Qafqazinfo”