Gəmilərdə həkim kimi çalışan 33 yaşlı Tural Sultanovun dənizdə itkin düşməsindən 31 gün keçir. Ailəsi və yaxınları bu müddət ərzində Turaldan heç bir xəbər ala bilmədiklərini bildirir və hadisənin detalları ilə bağlı suallara cavab axtarır.
Turalın əmisi qızı Nisa sosial şəbəkədə paylaşdığı yazıda ailənin yaşadığı ağır günlərdən danışaraq bildirib ki, Turalın atası və anası üçün bu müddət çox çətin keçib:
“Çətin günlərdə yanımızda olan, kədərimizi bölüşən hər kəsə təşəkkür edirik. Amma hələ də cavabsız suallar çoxdur: həmin gün gəmida nə baş verib, Tural niyə dənizə düşüb? Peşəkar üzgüçü olduğu halda niyə xilas olmayıb?”
Ailənin sözlərinə görə, Tural hadisədən bir gün əvvəl anası ilə danışıb və hər zamankı kimi sakit və normal səslənib.
Anası Aygün xanım o söhbəti belə xatırlayır:
“Balam dedi ki, yaxşıyam. Dənizin ortasında olduğundan bəzən əlaqə kəsilirdi, artıq buna öyrəşmişdik. Soyuqlar düşdüyündən isti geyimlərini ayırmışdım, səhər zəng edib göndərmək istəyirdim. Oktyabrın ortasında qayıdacaqdı. Hər dəfə evə gələndə sevdiyi yeməkləri bişirirdim. Məni bu qədər intizarda qoymazdı…”
Hadisə sentyabrın 27-də baş verib. Turalın işlədiyi Leyla Şıxlinskaya klinikasından atasına zəng edərək, dənizdə baş vermiş hadisə barədə məlumat veriblər.
Sonradan ailəyə göstərilən kamera görüntülərində Turalın gəmiyə çıxdığı, sonra arxadan dənizə düşdüyü görünür. Lakin ailə bu görüntülərin yetərli olmadığını və hadisənin aydınlaşdırılmadığını deyir:
“Bizə dedilər ki, yalnız uzaqdan çəkilmiş görüntülər var. Öndən, yaxından çəkilmiş kadrlar yoxdur. 3 dəqiqə sonra xilasetmə qayıqları suya buraxılıb, amma o ana qədər nə baş verdiyini görmək olmur. Biz oğlumuzu geyimindən tanıdıq, amma onun özünü niyə dənizə atması üçün heç bir əsas yoxdur.”
Ailə üzvləri qeyd edirlər ki, Tural intihar etməyib və bu ehtimalı qəti şəkildə rədd edirlər:
“O, idmanla məşğul idi, peşəkar üzgüçü idi. Hər zaman həyat dolu, planlı, məqsədli idi. Xaricdə təhsil almış, bir neçə dil bilirdi. Yeni aldığı dəniz mənzərəli evin təmirini başa çatdırmaq, ailə qurmaq arzusu var idi.”
Turalın yaxınları hadisənin şəraitinə aydınlıq gətirilməsini, görüntülərin tam şəkildə təqdim olunmasını və itkinin səbəblərinin araşdırılmasını tələb edirlər.
“Bizim Turalımız 31 gündür yoxdur… Cavab gözləyirik.”