İqtisadiyyatda baş verən dəyişikliklər milyonlarla insanın gündəlik həyatına təsir edir. Qiymətlərin artması, inflyasiya, işsizlik və maliyyə böhranları hökumətləri və mərkəzi bankları iqtisadi sabitliyi qorumaq üçün yeni qərarlar verməyə məcbur edir. Bu proseslərin daha yaxşı anlaşılmasına töhfə verən elmi araşdırmalar isə 2026-cı il üzrə Nobel İqtisadiyyat Mükafatına layiq görülüb.
News365.az xarici mediaya istinadən xəbər verir ki, mükafata amerikalı iqtisadçılar Robert Ernest Hall və Maykl Vudford layiq görülüblər.
Onların elmi fəaliyyəti makroiqtisadi sabitliyin qorunmasının mikroiqtisadi əsaslarının öyrənilməsinə verdikləri töhfəyə görə qiymətləndirilib. Bu araşdırmalar ayrı-ayrı insanların, ailələrin və şirkətlərin qəbul etdiyi iqtisadi qərarların bütövlükdə ölkə iqtisadiyyatına necə təsir göstərdiyini anlamağa kömək edir.
İqtisadiyyatın sabitliyinin qorunması yalnız dövlətlərin maliyyə siyasətindən asılı deyil. İstehlakçıların xərcləmə davranışı, şirkətlərin investisiya qərarları, faiz dərəcələrindəki dəyişikliklər və bazarlardakı gözləntilər də iqtisadi proseslərin istiqamətini müəyyənləşdirir. Hall və Vudfordun araşdırmaları bu amillər arasındakı əlaqələrin daha dərindən öyrənilməsinə imkan yaradır.
İqtisadçıların işi iqtisadi dalğalanmaların təsirlərini azaltmaq üçün tətbiq edilən pul-kredit və büdcə siyasətinin elmi əsaslarının formalaşmasına töhfə verib. Bu yanaşmalar mərkəzi bankların və hökumətlərin inflyasiya, tələbin dəyişməsi və iqtisadi tənəzzül kimi problemlərə qarşı hansı addımları ata biləcəyini təhlil etmək baxımından əhəmiyyətlidir.
Mükafatın ümumi məbləği 12 milyon İsveç kronudur. Bu məbləğ iki laureat arasında bölüşdürüləcək.
Qeyd edək ki, İqtisadiyyat üzrə Nobel mükafatı Alfred Nobelin vəsiyyətnaməsində nəzərdə tutulan ilkin mükafat kateqoriyalarından deyil. O, 1968-ci ildə İsveç Mərkəzi Bankı tərəfindən Alfred Nobelin xatirəsinə təsis edilib və ilk dəfə 1969-cu ildə təqdim olunub.
News365.az