“Washington Post” yazır ki, ABŞ rəsmiləri ilə görüşən Ukraynanın müdafiə naziri Rustem Umerovun danışıqlarından sonra Vaşinqtonda belə qənaət formalaşıb: Prezident Vladimir Zelenski mümkün sülh sazişində bir neçə əsas məsələdə kompromisə getməyə hazır ola bilər.
Məqaləyə görə, ABŞ rəsmiləri ilə Zelenskinin müzakirə etməyə razı olduğu əsas maddələr bunlardır:
Donetsk vilayətinin bir hissəsinin güzəştə gedilməsi. Qəzet yazır ki, Ukrayna “münaqişənin dayandırılması üçün” Donetskin müəyyən rayonlarından imtina etməyə hazır ola bilər.
Ukrayna ordusunun sayının məhdudlaşdırılması. Kiyev amerikalılara artıq siqnal verib ki, 600 min nəfərlik limitə prinsipial etiraz etmir. Vaşinqton isə bildirir ki, bu rəqəm sonradan dəyişdirilə və ya tamamilə aradan qaldırıla bilər.
Təhlükəsizlik zəmanətləri əvəzinə silahlar. ABŞ rəsmiləri Ukraynaya təhlükəsizlik zəmanətlərinin yerinə “Tomahawk” qanadlı raketləri təklif etməyi müzakirə ediblər.
Sərhəddə “təhlükəsizlik divarı” qurulması. ABŞ və müttəfiqləri mümkün atəşkəs xətti boyunca Ukrayna üçün müasir texnologiyalara əsaslanan müdafiə sistemi — faktiki olaraq “rəqəmsal dəmir divar” — yaratmağı planlaşdırırlar.
Mənbələrin bildirdiyinə görə, Vaşinqton Zelenskinin mövqeyində müəyyən yumşalma hiss edib və Tramp administrasiyası Kiyevdən yaxın günlərdə daha konkret siqnal gözləyir.