Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi son müsahibə Azərbaycanın enerji strategiyasının yeni mərhələyə qədəm qoyduğunu bir daha nümayiş etdirib.
Dövlət başçısı müsahibəsində bir sıra prioritet istiqamətlərlə yanaşı, Azərbaycanın qaz ixracının inkişafı istiqamətində də bir sıra məsələlərin vacibliyinə də diqqət çəkib. Prezident İlham Əliyev müsahibəsində qaz ixracının həm həcmi, eləcə də coğrafiyasının genişlənməsinin ölkə üçün strateji əhəmiyyət daşıdığını vurğulayaraq bildirib ki, Azərbaycan hazırda boru kəmərləri vasitəsilə 14 ölkəni qazla təchiz edir və bu il daha iki Avropa ölkəsinin bu siyahıya əlavə olunması nəzərdə tutulur. Bununla da, Azərbaycan qaz ixracının coğrafiyası 16 ölkəni əhatə edəcək ki, bu da dünya miqyasında mühüm göstəricilərdən biridir.
Sözügedən kontekstdə maraq doğuran əsas suallardan biri də Azərbaycanın bu il qaz nəqlinə başlayacağı yeni Avropa ölkələrinin hansılar olacağı və bu əməkdaşlığın ölkənin neft-qaz sektorunun inkişafına necə töhfə verəcəyidir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib ki, Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə Azərbaycanın qaz ixracı məsələlərinə xüsusi yer ayrılıb.
“Dövlət başçısı qeyd etdi ki, Azərbaycanın boru kəmərləri vasitəsilə qaz ixracının coğrafiyasının şaxələndirilməsinə görə dünyada birinci yerdədir. Hazırda Azərbaycan 14 ölkəyə qaz ixrac edir və bu il daha iki Avropa ölkəsinin ixrac coğrafiyasına əlavə olunması nəzərdə tutulur. 2025-ci ildə ölkəmiz 25 milyard kubmetrdən artıq qaz ixrac edib.
Sədr müavini əlavə edib ki, bu il Azərbaycandan Avropaya qaz ixrac edəcək daha iki ölkənin Sloveniya və Albaniya olacağı ehtimal edilir:
“Rusiyadan qaz tədarükünün dayanması bir çox Avropa ölkələrini çətin vəziyyətə salıb. Sloveniya və Albaniya Azərbaycandan qaz almaq istəklərini bildiriblər. Bu baxımdan, cari ildə Azərbaycanın Avropada daha iki ölkəyə qaz ixrac etməklə ixrac coğrafiyasını genişləndirəcəyi gözlənilir”,- deyə A.Badamov deyib.
Deputat vurğulayıb ki, bu proseslər yaxın gələcəkdə Azərbaycanın qaz ixracı potensialının daha da genişlənməsinə şərait yaradacaq:
“Bu isə ixrac coğrafiyasının genişlənməsinə və daha çox ölkəni əhatə etməyə imkan verəcək. Qaz ixracının artması həm iqtisadi gəlirlilik, həm də Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan etibarlı tərəfdaş kimi tanınır və bu səbəbdən ölkəmizlə əməkdaşlıq etmək istəyən xarici tərəfdaşların sayı davamlı olaraq artır.
Neft Araşdırmalar Mərkəzinin sədri İlham Şaban isə xatırladıb ki, Azərbaycan dekabr ayının 1-dən etibarən Şimali Makedoniyaya qaz nəqlinə başlayıb.
“Bununla yanaşı, dekabr ayında imzalanmış sazişə əsasən, 2026-cı il yanvar ayından başlayaraq Macarıstana iki il ərzində ümumilikdə 800 milyon kubmetr qaz tədarük ediləcək.
Eyni zamanda, hazırda Azərbaycandan qaz almayan, lakin bu istiqamətdə danışıqlar aparan ölkələrin sayı iki ölkə ilə məhdudlaşmır. Bu ölkələr sırasında Moldova da yer alır. Hətta Moldovanın Azərbaycanla qaz tədarükü ilə bağlı danışıqlar apardığı dəfələrlə qeyd olunub. Bundan əlavə, Trans-Balkan marşrutu üzərindən Yunanıstan, Bolqarıstan, Rumıniya, Moldova və hətta Ukraynaya qədər uzanan qaz nəqli imkanları mövcuddur”.
İ.Şaban həmçinin Ukrayna tərəfinin Azərbaycandan kommersiya qazı almaqda maraqlı olduğunu da nəzərə çatdırıb:
“Qeyd etmək istərdim ki, ötən il Ukrayna Azərbaycandan test məqsədilə kiçik həcmdə qaz alıb. Bununla yanaşı, keçmiş Yuqoslaviya ölkələrindən bəziləri, eləcə də Slovakiya istiqamətində də Azərbaycan qazının nəqli müəyyən mənada sınaqdan keçirilib. Slovakiyaya qaz tədarükü bir dəfə həyata keçirilsə də, kommersiya baxımından daha stabil və uzunmüddətli ixracın, xüsusilə Macarıstan üzərindən reallaşması real perspektiv kimi qiymətləndirilir”.
Müsahibimizin fikrincə, Azərbaycanın qaz ixracının növbəti mərhələdə əsas istiqamətləri Şərqi Avropa və Balkan ölkələri olacaq. modern