Keçmiş PA rəhbəri Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb olunması onun yaxın ətrafının cəzasızlıq mühitindən çıxması ilə nəticələnib.
Belə ki, uzun illər Azərbaycan hakimiyyətinin rəhbərliyində təmsil olunan Ramiz Mehdiyevin ali mövqeyindən yararlanan yaxınları, xüsusilə də kürəkəni İlham Əliyev ölkədə çoxsaylı sahibkarlara qarşı qanunsuzluqlar edib.
KONKRET.az gununsesi.info-ya istinadla bildirir ki, ötən illər ərzində İlham Əliyev tərəfindən qanunsuzluqlarla üzləşən, əmlakları, biznesləri əllərindən alınan yüzlərlə sahibkar Baş Prokurorluğa və Dövlət Təhlükəsizliyi Xidmətinə şikayətlər edib.
Mənbənin sözlərinə görə, 100-ə yaxın vətəndaşın etdiyi şikayətçilər arasında İlham Əliyevin qanunsuz həbsə atdırdığı insanlar da var. Onlar hüquq-mühafizə orqanlarından işlərinə yenidən baxılmasını, əllərindən alınmış əmlaklarının və bizneslərinin özlərinə qaytarılmasını tələb edir.
Məlumatda o da bildirilir ki, bu prosesdən qorxuya düşən İlham Əliyev artıq vəkilləri vasitəsilə həmin şəxslərin bəziləri ilə danışıqlara başlayıb.
Məhz bu prosesin nəticəsindən biri kimi Gəncədəki “Yeni Gəncə” Tibb Mərkəzinin adı çəkilir. Adıçəkilən tibb ocağı yenidən əsl sahiblərinə qaytarılıb.