Rayonlarda fəaliyyət göstərən ali təhsil müəssisələrində oxuyan tələbələr üçün əlavə stimulların tətbiqi aktual mövzu olaraq gündəmdədir. Maraqlıdır, rayonlarda oxuyan tələbələr üçün əlavə stimullar (təqaüd, güzəştlər) olmalıdırmı?
News365.az Xəbər verir ki, təhsil eksperti Ramin Nurəliyev bildirib ki, rayonlarda oxuyan tələbələr üçün əlavə təqaüdlər və güzəştlər çox müsbət təşəbbüs olardı. Onun sözlərinə görə, hazırda Bakı şəhərində tələbə sayının həddən artıq çox olması ümumi sıxlıq yaradır və gənclərin regionlara yönləndirilməsi üçün stimullaşdırıcı mexanizmlərə ehtiyac var.
Ekspert qeyd edib ki, bu stimullardan biri məhz regionlarda təhsil alan tələbələr üçün əlavə imkanların yaradılması olar:
“Rayonlarda oxuyan tələbələrə əlavə təqaüdlər, nəqliyyat güzəştləri, kirayə haqları ilə bağlı dəstək göstərilə bilər. Bu, istər-istəməz gənclərin Bakıdan kənarda yerləşən ali təhsil müəssisələrinə marağını artıracaq”.
Ramin Nurəliyev vurğulayıb ki, hazırda Bakı və regionlar arasında bu baxımdan ciddi fərq yoxdur və hər hansı xüsusi güzəşt tətbiq olunmur. Onun fikrincə, güzəştlərin tətbiqi həm sosial, həm də strateji baxımdan məqsədəuyğun olar:
“Beynəlxalq təcrübəyə baxsaq görərik ki, adətən mərkəzi şəhərlərdə yerləşən universitetlər daha çox diqqət cəlb edir. Azərbaycanda isə bu yanaşmanın dəyişdirilməsinə artıq Qarabağ Universiteti ilə müəyyən qədər başlanılıb”.
Ekspert son qəbul imtahanlarının nəticələrinə də toxunaraq bildirib ki, Qarabağ Universitetinə maraq gözləniləndən daha yüksək olub:
“Artıq Bakıdan olan gənclər belə Qarabağda oxumağa üstünlük verirlər. Bu onu göstərir ki, düzgün yanaşma və müəyyən güzəştlər tətbiq olunsa, regionlara maraq daha da artacaq”.
Onun sözlərinə görə, tələbələr üçün yataqxanaların pulsuz olması, yataqxanalarda qidalanma kimi güzəştlərin tətbiqi də mühüm rol oynaya bilər. Eyni zamanda, regionlara müəllimlərin cəlb edilməsi üçün də stimullaşdırıcı addımların atılmasının vacibliyi vurğulanıb:
“Bəzi xaricdən gələn müəllimlər, eləcə də yerli mütəxəssislər regionlara getmək istəmirlər. Onlar üçün də maraq formalaşdırılarsa, bu, təhsilin keyfiyyətinə müsbət təsir göstərəcək”.
Təhsil eksperti hesab edir ki, regionlarda təhsil alan tələbələr və çalışan müəllimlər üçün əlavə stimullar həm regional inkişafı sürətləndirə, həm də ali təhsil sistemində balansın qorunmasına kömək edə bilər.