Benzin və dizel yanacağında müşahidə olunan qiymət artımı taksi xidmətlərinin tariflərinə də təsir edə bilər.
Mütəxəssislər bildirirlər ki, yanacaq qiymətlərindəki dəyişiklik, ümumilikdə, bir çox sahələrdə qiymətlərin paralel artımına səbəb olur.
Artımın nisbətən az olmasına baxmayaraq, təsir etdiyi sahələrdə qiymət artımı qaçılmazdır. Yanacağın bahalaşması daşıyıcı şirkətlərdə gediş haqqına birbaşa təsir edəcək. Lakin qiymət artımının ilk olaraq taksi xidmətlərində müşahidə olunacağı ehtimal edilir.
Buna səbəb isə taksi xidmətlərinin əsasən özəl daşıyıcı şirkətlər tərəfindən göstərilməsidir.
Məsələ ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov deyib ki, benzinin qiymətinin artması ilə bağlı müəyyən sui-istifadə halları ola bilər:
“Amma reallıq da ondan ibarətdir ki, tıxaclı vaxtlarda və yollarda avtomobilin yanacaq sərfiyyatı artır. Avtomobil hərəkətsiz vəziyyətdə işlədikdə belə, yanacaq sərfiyyatı baş verir. Bu səbəbdən qiymət artımı müəyyən mənada gözlənilən idi. Çünki nəqliyyat vasitəsini istismar edən şəxs, yəni sürücü həmin məsafəni qət etmək və gəlir əldə etmək üçün əlavə xərclərlə üzləşir.
Xərcləri qarşılamaq və mənfəət əldə etmək üçün o, məcburən ödənişi artırmalıdır. Əks halda, bu, onun üçün iqtisadi cəhətdən sərfəli olmayacaq. Hətta ola bilər ki, qazancı yanacaq xərclərini belə qarşılamasın.
Bu səbəbdən əvvəlki qiymətə əlavə olaraq 50 qəpik və ya 1 manat civarında artım labüddür ki, sürücü öz xərclərini qarşılaya bilsin.
Çünki burada təkcə avtomobilin yanacaq sərfiyyatı deyil, eyni zamanda texniki xərclər, istismar, ehtiyat hissələri və digər amillər də var.
Bütün bunlar ümumi olaraq xərcləri artırır və bu da vətəndaşlar üçün müəyyən narahatlıqlara səbəb ola bilər”, – deyə ekspert yekunlaşdırıb./// NOCOMMENT