İranda etirazçılar bu şəhərdə nəzarəti ələ aldı – Molla rejimi DEVRİLİR?

İranda etirazçılar bu şəhərdə nəzarəti ələ aldı – Molla rejimi DEVRİLİR?
07 Yan 2026 13:50

İranda anti-hökumət etirazları səngimir, ölkədə gərginlik getdikcə artır.

Hüquq müdafiəçilərinin məlumatına görə, indiyədək azı 29 nəfər həlak olub.

Məlumata əsasən, ayətullahlar rejiminin nəzarətindən çıxdığı iddia edilən ilk şəhər İlam vilayətinin Abdanan şəhəridir. Bildirilir ki, şəhərdə polis binası etirazçılar tərəfindən ələ keçirilib, təhlükəsizlik qüvvələri müqavimət göstərmədən silahı yerə qoyub və bəzi hallarda yerli əhaliyə qoşulub. Qeyd olunur ki, bu məlumatlar hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib və ya təkzib olunmayıb.

Məlumatlarda deyilir ki, təhlükəsizlik qüvvələri etirazların yatırılması üçün döyüş sursatı, su şırnaqları və gözyaşardıcı qazdan istifadə edir. Buna baxmayaraq, aksiyaların qarşısını almaq mümkün olmur. Etirazlar artıq 10 gündür davam edir.

Hüquq müdafiə təşkilatı HRANA-nın açıqlamasına görə, aksiyalar 27 vilayətin 88 şəhərini əhatə edib, indiyədək azı 1200 nəfər saxlanılıb.

Samir Əsədli

Məsələ ilə bağlı siyasi ekspert Samir Əsədli qeyd edib ki, İranda artıq on gündür davam edən genişmiqyaslı etirazlar ölkənin siyasi gələcəyi ilə bağlı ciddi suallar doğurur:

“Etirazların əvvəlki illərlə müqayisədə həm coğrafi əhatəsinin genişlənməsi, həm də davamlılıq qazanması müşahidə olunur.

Artıq etirazçılar Abdanan və Məlikşahi şəhərlərini nəzarətə götürüblər, təhlükəsizlik qüvvələri müqavimət göstərmədən silahı yerə qoyub, bəzi hallarda isə yerli əhaliyə qoşulub. Lakin vacib məqam ondan ibarətdir ki, bu məlumatlar hələlik müstəqil və etibarlı mənbələr tərəfindən nə təsdiqlənib, nə də təkzib olunub.


Digər tərəfdən, fakt odur ki, təhlükəsizlik qüvvələri etirazların yatırılması üçün döyüş sursatı, gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edir. Buna baxmayaraq, aksiyaların dayanmaması rejimin sosial bazasının və legitimliyinin ciddi aşınmaya məruz qaldığını göstərir”.

Siyasi ekspertin sözlərinə görə, bütün bunlara baxmayaraq, hazırkı mərhələdə İranda real hakimiyyət dəyişikliyindən danışmaq üçün əsas yoxdur:

“Etirazların genişliyi və cəsarəti rejimi zəiflətsə də, ölkədə həlledici güc hesab olunan təhlükəsizlik strukturları, xüsusilə də ideoloji baxımdan sistemə bağlı qüvvələr hələ ki mərkəzi hakimiyyətə sədaqətini qoruyur. Ayrı-ayrı şəhərlərdə mümkün nəzarət boşluqları və ya lokal geri çəkilmələr ümumi mənzərəni dəyişmir.

Qərb mediasında İranın ali dini lideri Əli Xameneinin rejimin süqutu halında Rusiyaya sığınmağı planlaşdıra biləcəyi ilə bağlı yayılan xəbərlər isə daha çox ehtimal və ssenari xarakteri daşıyır. Bu tip yazılar real prosesdən çox, mümkün gələcək variantları təsvir edir və hazırkı siyasi vəziyyətin faktiki göstəricisi hesab oluna bilməz.

Nəticə etibarilə, İranda baş verənlər ciddi sosial-siyasi böhrandan xəbər verir.

Rejim əvvəlki illərlə müqayisədə daha çox təzyiq altındadır və cəmiyyətlə hakimiyyət arasındakı uçurum dərinləşir. Lakin dindar elitanın əlində cəmləşmiş real hakimiyyət mexanizmləri hələlik yerindədir.

Təhlükəsizlik aparatında sistemli parçalanma, elita daxilində açıq ayrışma və ümummilli iqtisadi-siyasi iflic baş vermədikcə, bu etiraz dalğasının qısa müddətdə hakimiyyət dəyişikliyinə gətirib çıxarması real görünmür.

Başqa sözlə, küçələrdə etiraz var, narazılıq genişdir, amma hakimiyyət hələ də yerindədir”.


Sizin reklam burada
Sizin reklam burada