Zelenski ABŞ-yə "dövləti sata bilmərəm" cavabını verib -"WSJ"

Zelenski ABŞ-yə "dövləti sata bilmərəm" cavabını verib -"WSJ"
21 Fev 2025 10:20

Ukrayna lideri Vladimir Zelenski ABŞ-la Vaşinqtona Ukraynanın nadir mədən və torpaq ehtiyatlarına çıxışı təmin etmək üçün sazişi müzakirə edərkən bildirib ki, o, öz dövləti satmaq niyyətində deyil. Zelenskinin sözlərini Amerikanın “The Wall Street Journal” (WSJ) qəzeti sitat gətirib.


WSJ-nin məqaləsində qeyd olunub ki, ABŞ-nin maliyyə naziri Skot Bessent Kiyevdə Zelenski ilə görüş zamanı kağızı stolun üstünə qoyaraq ondan sənədi imzalamağı tələb edib: "Zelenski sənədi cəld şəkildə nəzərdən keçirib və komandası ilə bunu müzakirə edəcəyini söyləyib. Bessent daha sonra kağızı Zelenskiyə doğru bir daha yaxınlaşdırıb".


Nəşr yazıb ki, Zelenski Tramp administrasiyasının bu ilkin təklifini ona qarşılığında heç bir təhlükəsizlik zəmanəti olmadan Ukraynanın təbii sərvətlərindən pay vermək tələbi kimi qiymətləndirib.

"Bu, ciddi söhbət deyil... Mən dövlətimizi sata bilmərəm", - WSJ Zelenskidən sitat gətirib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Sizin reklam burada
Sizin reklam burada