“Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" sərəncam ilə yeni sosial paketə start verildi. Bu sənəd Azərbaycanda əhalinin social təminatının daha da gücləndirilməsinin prioritetliyini və dövlət başçısının siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını bir daha təsdiq etdi”.
Bunu News365.az –a açıqlamasında Millət vəkili Vüqar Bayramov deyib. O, bildirib ki, sənədlə gələn aydan minimum
aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manata, əmək
pensiyasının minimum məbləği isə 280 manatdan 14,3 faiz artımla 320 manata
çatdırılacaq:
“Öncədən
proqnozlaşdırıldığı kimi həm minimum əmək haqqında, həm də minimum pensiyada
artımlar iki rəqəmli olacaq. Minimum əməkhaqqındakı artım yalnız aşağı maaş
alanlara şamil edilmir. Eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələri
üzrə əməkhaqlarında artımları təmin edəcək. Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən
sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da minimum əmək haqqı
məbləğindəki dəyişklikliyə uyğunlaşdırılaraq artırılır.
İqtisadiyyatın
fərqli sahələrində çalışan və dövlət qulluqçusu statusu olmayan vətəndaşlarımızın
əməkhaqları VTC əsasında dövlət büdcəsindən maliyyələşdirilir. Vahid Tarif Cədvəlində
maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilir. Minimum əməkhaqqının artımı praktik
olaraq bütün dərəcələr üzrə artımlara səbəb olacaq. Bu zaman əmək haqqının
minimum səviyyədən az və çox olması xüsusi önəm daşımır.
Artımlar həmçinin
özəl sektoru da əhatə edəcək. Çünki minimum əmək haqqı artımları mülkiyyət
növündən asılı olmayaraq bütün sektorlarda çalışan və aşağı maaş alan işçiləri əhatə
edir. Yəni heç bir sektorda minimum əmək haqqı məbləğindən aşağı maaş ödənilə
bilməz”.
News365.az