Bakı-Tbilisi-Bakı
sərnişin qatarının fəaliyyətinin bərpa olunması hər kəsi sevindirdi. Nəhayət ki,
uzun fasilədən sonra Borçalıda yaşayan soydşlarımız rahatlıqla ölkəmizə gəlib-gedəcək.
Hələ Gürcüstanı gəzmək istəyənləri demirik.
Bir sözlə,
bu müjdə hər kəsi məmnun saldı. Amma bəzi məqamlar sevincimizin üzərinə soyuq
su kimi səpildi. Məsələn xəbərin yenə də qarşı tərəfdən yayılması təəssüf
doğurdu.
Axı nəyə görə
bu cür xəbərləri biz özümüzün rəsmi dairələrimizdən
yox, qarşı ölkənin mətbuatından öyrənməliyik. Deməli, bizdə ictimai fikirə önəm
verilmir. Və bizim nə düşündüyümüz, nə yazmaq istəyimiz bəzi məmurlar üçün
maraqlı deyil.
Belə olmasa
idi xəbər rəsmi təsdiqini tapandan sonra “Azərbaycan Dəmir Yolları” QSC bir mətbuat
konfransı keçirərdi və hər kəsi maraqlandıran suallara operativ və əhatəli
cavab verilərdi.
Bu da edilmədi...
QSC rəhbərliyi
təmkinini pozmadan qətiyyətlə susdu. Bu da o anlama gəlir ki, ictimaiyyətin
düşüncələri və narahatlıqları onlar üçün zərrə qədər əhəmiyyət kəsb eləmir.
Bəs nə etdilər?
Adəti üzrə dəmir
yol idarəsi öz xidmətlərini tərifləməyə başladı. Məlum oldu ki, siniflər
üzrə səfər paketləri var, burada səyahətçilərə səfər boyu lazım olan gigiyenik
vasitələr, şampun, duş geli eyni zamanda kişi səyahətçilər üçün təraş köpüyü təqdim
olunur. Əlavə olaraq vaqonlarda televiziyalar quraşdırılıb, internet mövcuddur.
Hələ bu
harasıdır...
Qatarda
vaqon-restoran da olacaq. Amma qiymətlər barədə danışılmır. Çünki vaqon-restoranda təqdim ediləcək qiymətlər
heç də hər kəsin cibinə görə olmayacaq.
Bəs
narazılıq doğuran səbəblər hansılardır?
İlk növbədə
qiymətlər çox bahadır. Bakıdan Tbilisiyə getmək üçün bir təyyarə biləti qiymətinə
pul xərcləmək lazım gələcək. Belə ki, ən ucuz bilet 81 manatdır. Digər biletlərin
qiyməti barədə isə hələ ki, məlumat verilmir. Bu da o deməkdir ki, komfor+ və
lüks vaqonlarda qiymətlər “əl yandıracaq”.
Hələ bu da
son deyil.
Qatarda cəmi
6 vaqon olacaq. Onun da cəmi biri komfort-yəni ən aşağı sinifli vaqon olacaq. O
vaqonda da qiymət 81 manat müəyyən edilib. Digər 4 vaqonda isə qiymətlər xeyli
baha olacaq. Bir vaqonsa restoran kimi fəaliyyət göstərəcək.
Və ən pisi də
odur ki, qatarla cəmi 118 sərnişin səyahət edə biləcək. Bu da ciddi narahatlıq
doğurur. Çünki qatardakı sərnişin yerləri təyyarədəki sərnişin yerlərindən az
olacaq. Bu da o anlama gəlir ki, qatar sosial sifarişi qətiyyən ödəməyəcək.
Ancaq görüntü, bir az da kruiz xarakteri daşıyacaq. Sadə insanlar çətin ki, bu
qatarın imkanlarından istifadə edə etsinlər. Heç bilet tapmaq mümkün olmayacaq.
Nəticədə bu
layihə sonda ictimai rəğbət yox, ictimai qınaq qazanacaq. Bu da “Azərbaycan Dəmir
Yolları” QSC-nin rəhbərliyini narahat edirmi?
İnanmırıq.
Belə olsa idi heç olmasa sərnişin daşıyan vaqonların sayı 10-12 ədəd olardı.
Gündə 200 adam bu xidmətdən yararlanardı.
News365.az