Gürcüstana qatar quru sərhəddən keçmir?

Gürcüstana qatar quru sərhəddən keçmir?
09:58
Nazirlər Kabineti qərar qəbul edərək “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” özünün 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarına dəyişiklik edib ki, xüsusi karantin rejimi dövründə yük daşımaları ilə bərabər dəmiryol nəqliyyatı vasitəsilə Azərbaycan ilə Gürcüstan arasında sərnişin daşımaları da icazəlidir.
Bu yanaşma ən azı iki sual doğurur:
1) Niyə məhz dəmiryol nəqliyyatı vasitəsilə? Yəni avtomobillə gələnlərin koronavirus təhlükəsi daha çoxdurmu?
2) Niyə dəmiryol nəqliyyatı yalnız Gürcüstan istiqamətində işləyəcək? Gürcüstan əhlinin immuniteti Rusiya və İran əhlindən daha güclüdür? (Ermənistanı qeyd etmirəm, çünki o, “Tramp yolu”nu gözləyir)
Bu sözgəlişi suallar deyil. Hansısa demaqoq vətəndaşımız bu suallar əsnasında Nazirlər Kabinetinin qərarını ayrı-seçkilik ittihamı ilə Konstitusiya Məhkəməsində mübahisələndirə bilər.
Odur ki, qərara gəldim ki, indidən Konstitusiya Məhkəməsinin təxmini mövqeyini yazım ki, nə demaqoq vətəndaşlarımız özünü yorsun, nə də hörmətli hakimlərimiz məsələ üzərində əlavə baş sındırsın.
Yadınızdadırsa, 2015-ci ilin may ayında devalvasiyadan sonra Konstitusiya Məhkəməsi cumaraq qərar qəbul edərək dollar kreditlərinin qanuni olduğunu bildirdi. Halbuki, Konstitusiyamıza görə ölkədə yeganə ödəniş vasitəsi manatdır. Amma Konstitusiya Məhkəməsi dedi ki, kredit əsnasında pul “ödəniş vasitəsi” yox, “əşyadır”. Sanki digər hallarda pul əşya deyil. Sanki kreditin ödənilməsinə yönləndirilən pul ödəniş vasitəsi deyil. “Ələddinin sehrli çırağı” filmindəki vəzir kimi yanaşdı: “Yuxu haqqında deyək ki, yuxu deyil... Qeyri-yuxu haqda isə deyək ki, yuxudur və s. və i.a.”.
Elə bu akrobatik metodologiya əsnasında təklif edirəm ki, yuxarıdakı suallara belə cavab verilsin:
1) İcazə avtomobil və digər nəqliyyata deyil, məhz dəmiroluna ona görə aid edilib ki, qatar torpağa toxunmur, relslə gedir. Bu baxımdan da qatar təyyarəyə bərabər bir şeydir. Təyyarə ilə isə gəlib-getmək olar (vaxtilə buna icazə verilibsə, deməli, koronavirus təhlükəsi təhlil edilib: torpağa toxunmayan nəqliyyatla gələnin yolux(dur)ma ehtimalı azdır). Buna görə də qatarla da olar.
2) Dəmiryol nəqliyyatı yalnız Gürcüstan istiqamətində ona görə işləyəcək ki:
a) “Azərbaycan Respublikası” adında Gürcüstanın ilk hərfi olan “g” hərfi yoxdur, amma “r” (Rusiya) və “i” (İran) hərfləri var;
b) Bizdə şərq istiqamətində dəmiryolu yoxdur, çünki orada dənizdir. Buna görə də Gürcüstandan qatar yalnız Azərbaycana gəlib-qayıdacaq. Rusiya və İran isə şimal və cənubumuzdur və qatarlar ərazimizdən tranzit də gedə bilər. Bu isə koronavirusa özünü çox azad hiss etmək imkanı verə bilər və nəticədə yoluxma halları artacaq. Heç kəsin isə özünü çox azad hiss etmək imkanı olmamalıdır. Hər şeyin həddi var əvvəl-axır.
Görürsünüzmü, hər şeyin məntiqi və ağlabatan izahı var (bu mövzuda hətta dissertasiyalar da müdafiə etmək olar, onsuz da hüquq sahəsindəki elmi əsərlərimizin mahiyyəti elə belədir adətən). Odur ki, çox da şey eləməyin..
Əkrəm Həsənov, iqtisadçı

Sizin reklam burada
Sizin reklam burada