Yalançı endirimlər vətəndaşları aldadır – Ekspertdən açıqlama

Yalançı endirimlər vətəndaşları aldadır – Ekspertdən açıqlama
09 Yan 2025 22:45

Brend mağazalarda tətbiq edilən endirim kampaniyaları ilə bağlı vətəndaşlar aldadılır. Bu barədə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov News365.az-a açıqlamasında bildirib.


O qeyd edib ki, mağazalar "50 faizədək endirim" elanları ilə istehlakçıları cəlb etsələr də, əslində bu endirimlər yalnız ucuz və az sayda məhsula şamil edilir:

"Brend mağazaların vitrinlərində böyük hərflərlə 50 faizədək endirim elanları görürük. Lakin içəri daxil olanda məlum olur ki, endirim yalnız ucuz bir məhsula tətbiq edilib, digər məhsullarda isə endirim ya yoxdur, ya da çox cüzidir. Bu da istehlakçıların hüquqlarının pozulması deməkdir."


Eyyub Hüseynov əlavə edib ki, istehlakçı bu hallarla bağlı dövlət orqanlarına müraciət etdikdə, düzgün müdafiə mexanizmi işə düşməlidir:

"İstehlakçı şikayət etdikdə, dövlət orqanı vətəndaşın səsinə səs verməlidir. Bu halda mağazalar ciddi cəzalarla üzləşə bilər. Təəssüf ki, bu mexanizm bizdə düzgün işləmir."


Ekspert yalançı endirimlərdə müşahidə edilən əsas halları da açıqlayıb:


Vitrin oyunu: Mağaza qapısında böyük endirim elanları olur ki, müştəri mağazaya daxil olsun. Lakin məhsul seçiləndə, endirimin həmin məhsula aid olmadığı bildirilir.


Dəyişdirmə məhdudiyyəti: Müştəri endirimli məhsulu alıb istifadə etmədiyi halda dəyişdirmək istəyəndə, mağaza "Endirimdə alınıb, dəyişmək olmaz" bəhanəsi gətirir. Halbuki qanunda belə məhdudiyyət yoxdur.


Eyyub Hüseynov istehlakçıları diqqətli olmağa və hüquqlarını qorumaq üçün lazım gəldikdə müvafiq dövlət qurumlarına müraciət etməyə çağırıb.



Youtube kanalımız