Xurafat hansı fəsadlara yol açır? - Tural İrfan yazır

Xurafat hansı fəsadlara yol açır? - Tural İrfan yazır
18 Fev 2025 09:33
Bəziləri də İmamları elə ilahiləşdirdilər ki, öləndən sonra da qayıdacaqlarına, yenidən zühur edəcəklərinə inanmalı oldular. Ricət inancı, tənasüx, reankarnasiya ortaya çıxdı. Beləcə əl-ələ verib dini təhrif etdilər...
Qeybə çəkilmə, zühur məsələsi ilk dəfə İslamdan öncə mövcud olub. Xıdır, İlyas, İdris və İsa peyğəmbərlərin qeybə, göyə, ilahi dərgaha çəkilməsi inancı var. Bu, sonra İslama da sirayət edib. Amma yalnız Peyğəmbər olan şəxslərdən bəhs edilib.
Həzrət Muhəmməd vəfat edərkən bəziləri inanmaq istəmədi. Hətta Ömər Xəttab oğlu dedi ki, o ölməyib, Musa peyğəmbər kimi qırx günlük ilahi görüşə gedib qayıdacaq. Kim onun öldüyünü desə boynunu vuracam...
Ancaq müdrik insan olan Əbu Bəkr qabağa çıxıb Qurandab müvafiq ayələr oxudu və Peyğəmbərin öldüyünü elan etdi.
Daha sonralar İmam Əlinin şəhadətindən sonra bir qrup onun qayıdacağına inandılar. Sonra oğlu Muhəmməd Hənəfiyyənin ölmədiyinə inandılar. Beləcə Əhli Beyt İmamlarının demək olar ki hamısının ölümündən sonra onların əslində ölmədiyinə, yenidən qaydacağına inanan qruplar meydana gəldi. Səbəilər Həzrət Əlinin, İmamilər bütün İmamların rəcət nəticəsində dünyaya qayıdacaqlarına və Mehdinin qeybdən çıxacağına inanırlar. Vaxtilə İmam Hüseynin də əslində İsa kimi göyə çəkildiyinə və qayıdacağına inanan cərəyanlar olub. Keysanilər İmam Əlinin oğlu Muhəmmədin Məkkədə bir dağda qeyb olduğuna və qayıdacağına inandırdılar. Xəttabilər İmam Cəfər Sadiqin əslində ölmədiyinə, qeybə çəkildiyinə və dönəcəyinə inanırdılar və ona ilahlıq istinad edirdilər. Sonra İmam Sadiqin oğlu İsmail ölsə də onun qeybə çəkildiyini elan etdilər, hətta ölümündən sonra guya onun qayıdaraq Bəsrə bazarında iki korun gözünü açdığını da yaydılar. Digər İmamlar barədə də bu kimi oxşar inanclar meydana gəldi. Sonra da İmam Əskərinin dörd yaşlı oğlunun olduğunu və qeybə çəkildiyini elan etdilər. Hətta Fatimilərin bir xəlifəsi də "qeyb" olmuş İmam sayılır. Xəlifə Hakim bi Əmrillahın fars vəziri Həmzə onun beynini necə yedisə biçarə özünü tanrı hesab etməyə başladı. Gecələr eşşəyə minib qorumasız küçələri gəzirdi. Bir gün də Müqəddəm dağında eşşəklə birlikdə canavar parçaladı. Səhər eşşəyin sümükləri tapılsa da xəlifənin yalnız paltarları tapıldı. Vəzir Həmzə elan etdi ki, xəlifə Allahdır və özü də onun peyğəmbəridir. Və əslində tanrı xəlifə Hakimin cildində gəlmişdi, indi də qayıdıb getdi. Beləcə indiki Druzilik təriqəti yarandı, onlar hələ də İsraildə, Suriyada, Livanda Hakimin qayıdacağını gözləyirlər.
Görün xurafat inananları haralara aparır, nə oyunlara düçar edir və nə acı nəticələr verir...
Tural İrfan, ilahiyyatçı yazar

Sizin reklam burada
Sizin reklam burada