News365.az xəbər verir ki, Qərbi Azərbaycan İcmasının üzvü, Dərələyəz mahalı, Paşalı rayonu, Terpi kəndi icmasının sədri Şirəliyeva Ceyhunə Məhəmmədəli qızı açıqlamasında Qərbi Azərbaycan həqiqətlərinin təbliği və icma strukturlarının formalaşdırılması istiqamətindəki fəaliyyətindən danışıb.
O bildirib ki, ictimai-siyasi fəaliyyətinə Qərbi Azərbaycan İcmasında strukturlaşma prosesində iştirak etməklə başlayıb. “Kənd icmalarında icma sədrlərinin təyin edilməsi prosesi həyata keçirilirdi və mən Terpi kəndi icmasının sədri vəzifəsinə təyin olundum. Bu vəzifəyə təyin olunanda təcrübəsiz idim, lakin icmanın digər üzvlərinin dəstəyi ilə fəaliyyətimi qurmağa çalışdım”, – deyə o qeyd edib.
Şirəliyeva vurğulayıb ki, onun fəaliyyətində Beynəlxalq Diaspora Mərkəzinin rəhbəri İsmayıl Ağayevin dəstəyi böyük rol oynayıb. “O, Birinci Qarabağ müharibəsi zamanı Terpi kəndindən olan igid oğullardan ibarət Didərginlər batalyonuna komandanlıq edib. Onun vətənpərvərliyi və dövlətçiliyə bağlılığı mənim üçün də örnək olub”, – deyə o bildirib.
O əlavə edib ki, AMEA-nın elmi işçisi, şərqşünas alim Ceyhun Ağayevin də tövsiyələri kənd icmasının inkişafında mühüm rol oynayıb.
Qərbi Azərbaycan İcmasının əsas məqsədlərindən danışan Şirəliyeva Ceyhunə qeyd edib ki, 1987-1991-ci illərdə Qərbi Azərbaycandan deportasiya olunan azərbaycanlıların siyahısının tərtib edilməsi, onların məskunlaşdığı ərazilərin müəyyənləşdirilməsi və təsnifatlaşdırılması istiqamətində işlər davam etdirilir.