"Dinlə xurafat bir yerdə olanda qısa qapanma yaranır" - Tural İrfan yazır

"Dinlə xurafat bir yerdə olanda qısa qapanma yaranır" - Tural İrfan yazır
20 Fev 2025 09:22
Dinlə xurafat paralel şəkildə addımlayanda müəyyən mərhələdən sonra xurafat dini udur, öz içində həzm edib əridir. Sonra dini, xurafatın içindən çıxarmaq mürəkkəb məsələyə çevrilir. Gərək Yunus peyğəmbər olasan ki, balinanın qarnından çıxdığı kimi dini şikəst olmamış, sağlam şəkildə xurafatın qarnından salamat çıxara biləsən.
Din konkret müəyyəndir. Dinin əsas prinsipləri, əsasları məlum və birmənalıdır. Ancaq xurafat tam konkret müəyyən deyil. Hərənin öz baxış bucağı var. Hər kəs, hər cərəyan fərqli ənsələri xurafat hesab edir. Biri üçün xurafat sayılan əməl digəri üçün müqəddəslik dərəcəsindədir. Bax bu inanc isə mövhumatdır!
Xurafatla mübarizə aparmaq üçün o, tam müəyyən olmalıdır, sərhədləri, həddi, növləri bilinməli, təsnifatı aparılmalıdır. Dinə və cəmiyyətin inkişafına zərərləri izah edilməlidir.
Yoxsa ümumi sözlərlə xurafatla mübarizə aparmaq olmaz. Brus Lee demişkən, suyu tərəfləməklə susuzluq dəf olmaz, gərək suyu içəsən. Konkret olaraq xurafatlar müəyyənləşməli, əsaslı şəkildə elmi və dini sübutlarla əməlin mahiyyətinin şər olması sübut edilməlidir.
Konfutsi deyirdi, zülməti lənətləməkdənsə hərə bir şam yandırsın.
Söz güləşdirmək, dini mübahisələr yaratmaq, cəmiyyəti çaşdırmaq lazım deyil. Bir dini məsələ, hökm, mövzu barədə danışan gərək 21 - ci əsrdə yaşadığını unutmasın. Orta əsrlərdə yazılan kitabların çoxu o zamanın səviyyəsinə uyğun yazılıb və o dövrün cəmiyyətinin düşüncə səviyyəsinə xitab edir.
İndi anatomiya, biologiya, tibb oxumuş müsəlmanı inandıra bilməzsən ki, İmamlar buddan doğulub. İbn Sina ölüləri yarıb təcrübə aparanda xurafatçılar onu öldürmək istəyirdilər. O dövrə qədər cahillər elə zənn edirdi ki, ürək qarın hissədə yerləşir.
İndi fizika, kimya, fəlsəfə oxumuş savadlı müsəlmanı aldada bilməzsən ki, məkana ehtiyacı olmayan, cism olmadığı üçün bənzərsiz olan Tanrı ərşin üstündə oturub, iki əli var, ikisi də sağdadır, gecənin sonunda dünya səmasına enir, Qiyamət günü baldırını Cəhənnəmə sallayır və alovun şiddəti səngiyir...
Sən indi savadlı müsəlmanı aldada bilməzsən ki, Allah Peyğəmbər və İmamları, övliya və seyidləri özünə müavin götürüb, insanların arzularını, dualarını onların təqdimatı ilə dinləyir. Birbaşa edilən duaları eşitsə də, vasitə olmadığına görə əhəmiyyət vermir...
Sən elmli müsəlmanı aldada bilməzsən ki, kim şalvarının balağını qısaltmasa vay o topuqların halına ki, Cəhənnəmdə yanacaq...
Amma bu məsələlər haqda danışılır, təbliğ olunur. Demək xurafat da din qədər təbliğ olunur. Belə ortamda sağlam dini təbliğat aparmaq xəlbirlə su daşımağa bənzəyir.
Süfrə təmizlənib, sonra üstündə yemək yeyilməlidir. Din, pak və müqəddəs bir hadisədir. Xurafat isə murdar və zəhərli. İkisi bir yerdə olanda qısa qapanma yaranır və cərəyan da cəmiyyəti çalır, əfi ilan kimi...
Nəzərə almaq lazımdır, dəyərli ziyalılar!
Tural İrfan, ilahiyyatçı-yazar

Sizin reklam burada
Sizin reklam burada