Xəzər dənizinin ortaq paylaşımı: su səthi beş ölkənin ümumi istifadəsindədir

Xəzər dənizinin ortaq paylaşımı: su səthi beş ölkənin ümumi istifadəsindədir
14:20

Xəzər dənizi beş ölkə arasında tam şəkildə ayrı-ayrı hissələrə bölünməyib. Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran arasında 2018-ci ildə imzalanmış Konvensiya Xəzərin hüquqi rejimini müəyyənləşdirir. 


News365.az xəbər verir ki, Xəzəryanı dövlətlərin 2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində imzaladığı “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyaya əsasən, dənizin su səthi müəyyən istisnalarla ümumi istifadədə qalır. 


Sənədə əsasən, hər bir sahilyanı dövlət üçün 15 dəniz milinədək ərazi suları, onun ardınca isə 10 dəniz mili genişliyində balıqçılıq zonası müəyyən edilir. Balıqçılıq zonasında həmin ölkənin su bioloji resurslarından istifadə üzrə müstəsna hüquqları nəzərdə tutulur. 


Bu zonalardan kənarda isə Xəzərin su sahəsi ümumi istifadədə saxlanılır. Sahilyanı dövlətlərin bayrağı altında üzən gəmilər bu ərazilərdə naviqasiya azadlığından istifadə edə bilirlər. 


Xəzərin dibi və təki isə fərqli prinsip əsasında bölünür. Qarşı-qarşıya və ya qonşu sahillərə malik dövlətlər öz aralarında razılaşmalar yolu ilə dəniz dibini sektorlara ayırır və burada təbii ehtiyatların işlənməsi hüququ əldə edirlər. 


Beləliklə, “Xəzər beş ölkə arasında bölünüb” ifadəsi tam dəqiq deyil. Su səthinin böyük hissəsi ortaq istifadədə, dənizin dibi və təki isə ayrı-ayrı dövlətlərin razılaşdırılmış sektorlarında yerləşir.


Konvensiyanın imzalanması 20 ildən artıq davam edən danışıqların nəticəsi olub. Azərbaycan da sənədi 2019-cu ildə ratifikasiya edib. 


Sizin reklam burada
Sizin reklam burada