Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin güclü liderliyi və bənzəri olmayan qardaşlıqları ilə əlaqələrimizi Şuşa Bəyannaməsində də qeyd olunan müttəfiqlik çərçivəsində daha da inkişaf etdirəcəyik.
News365.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Birol Akgün bildirib.
"Məqsədimiz liderlərimizin müəyyənləşdirdikləri baxış bucağına və ölkələrimiz arasında qədim qardaşlığa layiq olmaqdır. Əlaqələrimizi hər sahədə inkişaf etdirmək üçün gecə-gündüz çalışacağıq. Türkiyə Azərbaycanla qardaşdır. Səfir olaraq vəzifəm bu qardaşlığı daha da gücləndirməkdir”, - deyə o qeyd edib.
Səfir Azərbaycanın dar gündə Türkiyənin hər zaman yanında olduğunu vurğulayaraq deyib: "Azərbaycanın sevinci sevincimiz, kədəri isə kədərimizdir. Türkiyə və Azərbaycan daim birlikdə olub. Biz Qarabağ müharibəsində qardaşlarımızın zəfərini gözlədik. Türkiyədə baş verən fevral zəlzələsində Azərbaycandakı qardaşlarımızın yardımsevərliyini unutmayacağıq”, - deyə diplomat bildirib.