"Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud fevralın 11-də Azərbaycana rəsmi səfərə gəlib. Fevralın 12-də prezidentlərin öncə təkbətək, sonra isə geniş tərkibdə görüşü olub."
Politoloq Turan Rzayev bunu News365.az-a şərh edib.
"Somali prezidentinin Azərbaycana səfəri indiki məqamda diqqət çəkir. Əvvəlcə deyim ki, Somali Afrika qitəsinin ən kasıb, destabilizasiya olunmuş ölkələrindən idi. Bundan başqa, ölkənin Somalilənd adlı münaqişəsi və Puntland adlı muxtar ərazisi var.
Somali xüsusilə yuxarıda qeyd etdiyim problemlərlə mübarizə üçün Türkiyədən dəstək almağa başlayıb. Türkiyə 2017-ci ildə paytaxt Moqadişuda özünün xarici ölkədəki ən böyük hərbi bazasını açıb. Bundan sonra Somali ordusu və polisi üçün təlim keçib.
Ankara bu illər ərzində məktəblər, xəstəxanalar və infrastruktur da inşa edib və somalililərin Türkiyədə təhsil alması üçün təqaüdlər ayırıb. Lakin Ankaranın Somaliyə ən böyük dəstəyi bir müddət öncə Efiopiya və Somali arasında imzalanan sazişdir. Ankara uzun illərdir münaqişə içərisində olan tərəfləri bir araya gətirərək tarixi missiyanı gerçəkləşdirdi.
Azərbaycan Suriyada olduğu kimi, Türkiyənin Somalidəki fəaliyyətini də yaxından izləyir, dəstəkləyir. Ümumiyyətlə, Bakı “yeni müttəfiqlər, yeni əməkdaşlıqlar” konsepsiyası üzrə hərəkət edir. Bu, xarici siyasətimizdə yeni yanaşmadır.
Azərbaycan Türkiyənin yaratdığı təhlükəsiz Somaliyə investisiya ayırıb, dirçəlməsinə dəstək verə bilər. Həmçinin Türkiyədə olduğu kimi, somalili gənclərin ölkəmizdə təhsil alması mümkündür: Azərbaycan universitetlərində, xüsusilə Qarabağ Universitetində pulsuz ya da təqaüdlə təhsil alması mühüm strateji addım hesab edilər. Azərbaycan neft və qaz sahəsində ixtisaslı kadrlara malikdir və Somali Bakının bu sahədəki təcrübəsindən faydalana bilər.
Politoloq bildirir ki, Somalini Azərbaycana yaxınlaşdıran ən önəmli faktor isə hərbi-strateji məsələlərdir:
"Somali Azərbaycan kimi uzun illər münaqişədən əziyyət çəkir. Ölkənin şimalında Somalilənd adlı təktərəfli müstəqillik elan edən qondarma qurum var. Daxili sabitliyin təmin edilməməsi bu münaqişənin həllini gecikdirirdi. Prezident Hasan Şeyx Mahmudun Türkiyə ilə hərbi sahədə əməkdaşlığı rəsmi Moqadişunun gələcəkdə həm də ərazi bütövlüyünü hərbi yolla təmin etməsini aktuallaşdırır.
Hazırda Azərbaycan ordusu ilə yanaşı, Somali ordusunun da Türkiyə modelinə uyğunlaşdırıldığını deyə bilərik. Xüsusilə bu iki ölkə Türkiyənin məşhur “Bordo Bereli” təlimlərini keçir. Azərbaycan ordusu bu təcrübəni döyüş meydanında tətbiq edən və zəfər qazanan bir qüvvədir. Xüsusilə 44 günlük İkinci Qarabağ müharibəsi, Şuşa əməliyyatı, lokal xarakterli antiterror tədbirləri kimi uğurlar buna misal ola bilər.
Somali Azərbaycanın real döyüş və qələbə təcrübəsini öyrənərək gələcəkdə tətbiq edə bilər. Xüsusilə Şuşa əməliyyatının öyrənilməsi prioritet ola bilər.
Bütün bunlarla yanaşı, rəsmi Bakı Somalinin strateji önəmini yaxşı bilir. Misal üçün dəniz təhlili və məsləhət xidmətləri göstərən Lloyd’s List-ə görə, qlobal ticarətin təxminən yüzdə 12-ni təşkil edən, ildə 1 trilyon dolları aşan mallar Ədən körfəzindən, Somali sahilləri boyunca və Süveyş kanalından keçir. Bakının gələcək qlobal layihələri həm də bu regionda yerləşir. Azərbaycan həm də buna görə Somali ilə əməkdaşlıqda maraqlıdır.