Vardanyan PUA istehsal edəcək zavodun inşasını planlaşdırırdı

Vardanyan PUA istehsal edəcək zavodun inşasını planlaşdırırdı
13 Fev 2025 20:59

Xəbər verildiyi kimi, bu gün Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən Ruben Vardanyanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası davam etdirilib.


News365.az xəbər verir ki, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov təqsirləndirilən şəxs Ruben Vardanyana irəli sürülmüş konkret ittihamları elan edib.


Bildirilib ki, Vardanyan Azərbaycanın işğal altında olan suveren ərazilərində mülki və hərbi obyektlərə qarşı istifadə edilməsi üçün idarəolunan zenit raketlərinin və komplekslərinin, hədəflərin aşkarlanması stansiyalarının, akkumulyator və radioötürücü blokların, digər qurğuların kütləvi istehsalının qurulması, bununla əlaqədar birgə müəssisənin yaradılması məqsədilə Rusiya Federasiyası ərazisində fəaliyyət göstərən “AKVA” şirkətinin məsul şəxsləri ilə danışıqlar aparmaqla sövdələşib. Həmçinin Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz silahlı birləşmələr tərəfindən istifadəsi nəzərdə tutulan helikopter tipli pilotsuz uçuş aparatlarının (PUA) alınması və onları istehsal edəcək zavodun inşa edilməsinə, habelə radioelektron mübarizə sisteminin alınaraq qanunsuz silahlı birləşmələrə çatdırılmasına dair danışıqlar apararaq müvafiq tapşırıqlar verib.


Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.


Həmçinin o, həmin Məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur.


Sizin reklam burada
Sizin reklam burada