"Əslində, Paşinyan haqlıdır. Çünki bu, sadəcə bir siyasi şoudan başqa bir şey deyil. Hətta buna “sənət” demək belə şübhəlidir."
Milli Məclisin deputatı Cavanşir Feyziyev bunu News365.az-a açıqlamasında deyib.
"Burada nə baş verir? Ortaya qoyulan “sənət” nədən ibarətdir?
Altımış min Ermənistan vətəndaşı müraciət edərək parlamentdə erməni xalqının Avropa İttifaqına inteqrasiyası ilə bağlı mövqeyinin bildirilməsini tələb edib. Hökumət də bunu gündəliyə salmaq qərarına gəlib və məsələ parlament müzakirəsinə çıxarılıb.
Lakin bu nə Ermənistanın Avropaya daxil olması, nə onun Aİ-yə üzv olmaq istəyi, nə də Avropanın bu məsələyə xüsusi maraq göstərməsi deməkdir. Hətta bu, Avropanın Ermənistanın Aİ-yə üzv olmasını istəməsi və ya dəstəkləməsi kimi də qiymətləndirilə bilməz.
Bu, tamamilə siyasi bir oyun və ya şoudur. Daha çox Paşinyanın növbəti seçkilərdə, yaxud istənilən vaxt elan oluna biləcək növbədənkənar seçkilərdə qalib gəlməsini təmin etmək üçün düşünülmüş siyasi gedişdir. Yəni, çox spesifik bir manevrdir.
Bu baxımdan, Paşinyan özü də etiraf edir ki, bu proses Rusiya ilə münasibətlərə heç bir təsir göstərməyəcək. O, hətta təəccüblənmədiyini bildirir ki, bir neçə ildən sonra Ermənistan Rusiyaya indiki vəziyyətdən daha yaxın müttəfiq ola bilər.
C.Feyziyev bildirir ki, Ermənistanın Rusiyadan uzaqlaşa bilməyəcək:
"Bunun da əsas səbəbi odur ki, Ermənistanın Rusiyadan uzaqlaşmaq imkanları olduqca məhduddur. Sözlə uzaqlaşa bilərlər, bu, ritorikadır. Daha çox daxili auditoriyaya hesablanıb və ölkə daxilindəki siyasi opponentləri zəiflətmək üçün istifadə olunur.
Lakin məsələyə praqmatik baxışla yanaşdıqda sual yaranır: Ermənistan Rusiyadan uzaqlaşaraq hara gedir?
Bu sualları araşdıranda aydın olur ki, nə Ermənistanın başqa bir yerə getmək imkanı var, nə də bunun üçün kifayət qədər potensialı."