Türkiyədəki zəlzələ zamanı Azərbaycanın göstərdiyi dəstək heç vaxt unudulmayacaq.
News365.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı yeni səfiri Birol Akgün jurnalistlərə açıqlamasında deyib.
“Türkiyənin Azərbaycana təyin edilmiş səfiri kimi bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilərək etimadnaməmi təqdim etdim. Türkiyə və Azərbaycan qardaş ölkədir. Müasir Azərbaycanın qurucusu olan Heydər Əliyevin məzarını ziyarət etməkdən, şəhidlərimizin xatirəsini yad etməkdən qürur duyuram”, - o əlavə edib.
Səfir qeyd edib ki, Türkiyədəki zəlzələ zamanı Azərbaycanın göstərdiyi dəstək heç vaxt unudulmayacaq: “Missiyamız liderlərimizin baxışına layiq olmaqdan ibarətdir. Münasibətlərimizi daha da dərinləşdirməyə davam edəcəyik”.
Səfir söyləyib ki, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi uzun illər gözlənilən bir məsələ idi: “Qarabağın işğaldan azad edilməsini uzun illər gözlədik. Hər kəs bilməlidir ki, Türkiyə həmişə Azərbaycanın yanındadır. Biz qardaşıq. Mən səfir kimi bu güclü əlaqələri daha da inkişaf etdirməyə çalışacam”.