Məktəblilərin geyim qaydalarındakı dəyişikliklər və tətbiq olunan vahid forma tələbi təkcə vizual görünüş məsələsi deyil. Bu addım bilavasitə şagirdlərin emosional inkişafına, psixoloji vəziyyətinə və sosial münasibətlərinə dərindən təsir göstərir.
Mövzu ilə bağlı News365.az-a açıqlama verən neyropsixoloq Aytəkin Aslan bildirib ki, yeniyetməlik dövründə beynin özünüqiymətləndirmə və şəxsiyyətin formalaşması ilə bağlı sahələri sürətlə inkişaf edir. Bu yaş dövründə geyim uşaqlar üçün özünüifadənin en asan yoludur.
Neyropsixoloqun sözlərinə görə, həddindən artıq sərt geyim tələbləri şagirdlərdə seçim azadlığının əlindən alınması hissini formalaşdırır:
"Sərt qaydalar bəzi uşaqlarda narahatlıq, ədalətsizlik hissi, motivasiya azalması və məktəbə qarşı mənfi münasibət yarada bilər. Müəyyən çərçivələr daxilində çeviklik və seçim imkanının verilməsi isə şagirdlərin özünəinamını və yaradıcı düşüncəsini inkişaf etdirir."
Aytəkin Aslan vurğulayıb ki, vahid məktəb formasının psixoloji baxımdan bir çox faydaları da var. Forma hər gün "nə geyinim?" qərarverəcəklər yükünü azaldır və uşaqlar arasında maddi fərqləri görünməz edir:
"Məktəb forması sosial-iqtisadi təbəqələşməni gizlədir. Bu da geyimə görə yarana biləcək ayrı-seçkiliyin, psixoloji təzyiqin və bullinq hallarının qarşısını alır. Eyni zamanda, şagirdlərdə məktəbə aidiyyət və bərabərlik duygusunu gücləndirir."
Məktəbdəki intizamın yalnız geyimlə bağlı olmadığını qeyd edən ekspert bildirib ki, ən sağlam yanaşma intizamla şagirdlərin fərdi xüsusiyyətlərini balanslaşdıran çevik geyim siyasətidir:
"Hamının tam eyni geyinməsi fərdi kimliyin sıxışdırılması təəssüratı yarada bilər. Şagirdlərin emosional rifahı, dərsə diqqəti və sosial uyğunlaşması üçün ciddi qadağalar əvəzinə, onların rahatlığını və fərdiliyini nəzərə alan mühit yaratmaq lazımdır."