"ABŞ-nın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ləğv ediləcəyinin proqnozunu Azərbaycan Prezidenti ötən ilin sonunda vermişdi. Rusiya KİV-nə müsahibəsində dövlət başçımız bildirmişdi ki, Tramp USAID-i qadağan edə bilər. Ötən həftə administrasiya ABŞ-nın xarici yardımlarını dondurub. Hətta amerikalı sahibkar İlon Mask USAID Agentliyini çoxsaylı cinayət əməllərində, həmçinin Çin laboratoriyasını maliyyələşdirməkdə, yəni koronavirusu yaymaqda ittiham edir. Təşkilatdan amerikalı vergi ödəyiciləri qarşısında hesabat vermək tələb olunur."
Millət Vəkili Nigar Məmmədova bunu News365.az-a açıqlamasında deyib.
"USAID-nin Əfqanıstanda heroinin yetişdirilməsinə maliyyə dəstəyi verməsi, xarici hökumətləri devirmək üçün Latın Amerikasında QİÇS-in qarşısının alınması üzrə saxta seminarlar təşkil etməsinə dair faktlar da bu təşkilatın iç üzünü açır.
Əslində USAID ABŞ-nın dünyada xaos yayan, hakimiyyət çevrilişləri həyata keçirən, vətəndaş qarşıdurması yaradan mexanizmidir. USAID illərlə dünyanın müxtəlif bölgələrində müstəqil xarici siyasət yürüdən dövlətlərin daxili işlərinə qarışaraq, inqilablara sponsorluq edirdi. Bir çox beynəlxalq media qruplarına böyük maliyyə dəstəyi verməklə müstəqil siyasət yürüdən dövlətlərə qarşı qarayaxma kampaniyaları təşkil edib.
Təşkilat vaxtı ilə ələ keçirdiyi mediaları saxlamaq və genişləndirmək üçün hər il milyardlarla pul xərcləyirdi.
Cənubi Qafqazda da müxtəlif yollarla ənənəvi dəyərləri dağıdaraq, üzdəniraq ideyaları təbliğ edən də USAID idi. Qonşu Gürcüstanda inqilab cəhdi də USAID-in məkrli planının tərkib hissəsi idi. 2020-ci ildə bu ölkədə keçirilən seçkilərin nəticələri ilə bağlı saxta hesabatlar hazırlandı, seçkilərin saxtalaşdırıldığı iddia edildi. Sonradan bu saxta iddiaların hamısı ifşa olundu.
USAID 2000-ci illərin əvvəllərində Azərbaycanda da xaos ssenariləri həyata keçirməyə çalışdı. Məqsəd isə aydın idi - Azərbaycanın inkişafına mane olmaq, ərazi itkisinə məcbur etmək planını reallaşdırmaq. Bu destruktiv davranışlardan aydın oldu ki, onlar Prezident İlham Əliyevin siyasətinin Azərbaycan xalqı tərəfindən dəstəklənməsini sadəcə, həzm edə bilmirdilər.
USAID-in rəhbərliyində Samanta Pouer kimi qatı anti Azərbaycan mövqeli şəxsin təmsil olunması da təsadüfi deyildi. Ermənipərəst Samanta Pauer və USAID faktiki Azərbaycanın ərazi bütövlüyünə qarşı fəaliyyət göstərirdi. İşğal dövründə Qarabağ separatçılarını dəstəkləyərək, minatəmizləmə fəaliyyətinə maliyyə yardımı göstərərək öz xislətlərini açmış olurdular.
Sosial layihələr adı altında Azərbaycanın dövlət orqanlarına və cəmiyyətin müxtəlif təbəqələrinə soxularaq, öz məkrli planlarını reallaşdırmağa can atırdılar.
Amma təbii ki, ölkəmizə qarşı həyata keçirilən hibrid təhdidlər və beynəlxalq dezinformasiya kampaniyaları nəticə vermədi. Bu gün bu təşkilat cinayətkar struktur kimi ifşa olunur."