Ucarda sinif yoldaşının xəsarət yetirdiyi məktəbli əməliyyat olunub.
News365.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Qeyd olunub ki, Ucar rayon sakini çoxsaylı kəsilmiş-deşilmiş yaralar diaqnozu ilə fevralın 4-də Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib.
Məlumata görə, ilkin tibbi yardım göstərildikdən sonra o, ixtisaslaşmış tibbi yardım alması üçün Göyçay Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub:
"Pasient Xəstəxananın Cərrahiyyə şöbəsinə yerləşdirilərək əməliyyat edilib. Vəziyyəti stabil qiymətləndirilən vətəndaş fevralın 5-də ambulator müalicə üçün evə buraxılıb".
***
Ucar rayonunda Rəstəcə kənd tam orta məktəbin 9 -cu sinif şagirdinin sinif yoldaşına xəsarət yetirməsi barədə məlumat yayılıb.
News365.az xəbər verir ki, hadisə ilə bağlı Mərkəzi Aran Regoinal Təhsil İdarəsi açıqlama yayıb.
Bildirilib ki, 04 fevral 2025-ci il tarixdə saat 08:10 radələrində Ucar rayon Rəstəcə kənd tam orta məktəbinin 9-cu sinif şagirdi öz sinif yoldaşına xəsarət yetirib.
Xəsarət almış şagird dərhal tibb müəssisəsinə aparılıb və səhhətində problemin olmadığı aşkar edilərək evə buraxılıb.
Şagirdlərin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən diqqətdə saxlanılır.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.