Ukraynaya kütləvi hava hücumu: Onlarla yaralı var

Ukraynaya kütləvi hava hücumu: Onlarla yaralı var
10:09

Ukrayna növbəti dəfə genişmiqyaslı hava hücumlarına məruz qalıb. İyunun 2-nə keçən gecə Rusiya ordusunun müxtəlif şəhərlərə raket və pilotsuz uçuş aparatları ilə endirdiyi zərbələr nəticəsində ölən və yaralananların sayı artıb.

News365.az-ın məlumatına görə, ən ağır nəticələr paytaxt Kiyevdə qeydə alınıb. Şəhərə təşkil olunan gecə hücumları zamanı 4 nəfər həlak olub, 58 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Məlumata görə, yaralananlar arasında azyaşlılar da var.

Kiyev şəhər rəhbərliyi hücumların yaşayış məntəqələrinə ciddi ziyan vurduğunu açıqlayıb. Dağıntılar nəticəsində bir sıra yaşayış binaları və mülki təyinatlı obyektlər zərər görüb.

Raket və dron hücumları ölkənin digər bölgələrində də insan tələfatına səbəb olub. Dnepr şəhəri və ətraf yaşayış məntəqələrinə endirilən zərbələr nəticəsində azı 6 nəfər ölüb, 36 nəfər yaralanıb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, xəsarət alanların hamısı tibb müəssisələrinə yerləşdirilib və onların vəziyyəti həkim nəzarətində saxlanılır.

Sosial şəbəkələrdə yayılan kadrlarda dağıntıların miqyası aydın görünür. Görüntülərdə tamamilə sıradan çıxmış yaşayış evləri, yanaraq yararsız vəziyyətə düşmüş avtomobillər və zərər görmüş uşaq meydançaları əks olunub.

Xarkov vilayətində də vəziyyət gərgin olaraq qalır. Vilayətin müxtəlif yaşayış məntəqələrinə edilən hücumlar nəticəsində 14 nəfər yaralanıb. Xəsarət alanlar arasında bir uşağın olduğu bildirilir.

Hücumlar nəticəsində bir çox yaşayış evi, qaraj, təsərrüfat tikilisi və digər mülki infrastruktur obyektlərində yanğınlar baş verib. Xilasetmə və fövqəladə xidmət əməkdaşları dağıntıların aradan qaldırılması istiqamətində işləri davam etdirirlər.

News365.az


Sizin reklam burada
Sizin reklam burada