Ukrayna Tuapse neft terminalını vurdu; 12 aeroport dayandı

Ukrayna Tuapse neft terminalını vurdu; 12 aeroport dayandı
09:11

Ukrayna ötən gecə Rusiyanın bir çox ərazilərinə dron zərbələri endirib. Gecə səhərə qədər Rusiyanın 12 hava limanının fəaliyyəti dayandırılıb.

Zərbələr nəticəsində Krasnodar diyarının Tuapse limanında bir tanker və bir neft terminalında yanğın baş verib. Rusiya tərəfi iddai edir ki, vurulan “dronların parçaları neft tankerinin üzərinə düşüb”: “Göyərtənin üst quruluşu zədələnib. Tankerin heyəti təxliyə edilib. Gəmidə yanğın baş verib".

Bundan əlavə, terminalın binaları və infrastrukturu zədələnib. Dəmir yolu stansiyası binasının pəncərələri sınıb. İlkin məlumatlara görə, heç kim xəsarət almayıb. Təcili yardım xidmətləri hadisə yerində işləyir. Tuapse Qara dəniz sahilində yerləşən, neft və neft məhsulları, filiz, kömür, taxıl və digər müxtəlif yükləri qəbul edən və emal edən dəniz limanı kompleksidir.

ASTRA Telegram kanalının məlumatına görə, hücum nəticəsində sahil yaxınlığında yerləşən RN-Marine Terminal Tuapse MMC-nin, həmçinin Tuapse Neft Emalı Zavodunun neft körpüsü kimi tanınan dərin su lövbər kompleksində yanğın baş verib. Bu kompleks tünd və açıq rəngli neft məhsullarını tankerlərə yükləmək üçün nəzərdə tutulub: "Bu, neft məhsullarını tankerlərə yükləmək üçün xüsusi olaraq tikilmiş dəniz limanı obyektidir. Sakinlər onu tez-tez "Tuapse Neft Emalı Zavodunun neft körpüsü" adlandırırlar, çünki o, birbaşa Tuapse Neft Emalı Zavoduna bağlıdır və onun ixrac əməliyyatlarına xidmət göstərir".


Sizin reklam burada
Sizin reklam burada