Türkiyə daxili siyasətində gərginlik daha da artır. CHP daxilində baş verən proseslər partiyanın faktiki olaraq iki yerə bölünməsi ilə nəticələnə bilər. Kemal Kılıçdaroğlunun yenidən partiya rəhbərliyinə qayıtması istiqamətində verilən açıqlamalar siyasi kulislərdə böyük rezonans doğurub.
Kılıçdaroğlunun mətbuat müşaviri Atakan Sönmez mətbuata açıqlamasında bildirib ki, məhkəmə qərarı ilə birlikdə sabiq lider artıq vəzifəsinin icrasına başlayıb.
“CHP-nin Başqanı haradadırsa, Baş qərargah da oradır. Təbii ki, Kemal Kılıçdaroğlu ümumi mərkəzə də gedəcək. Məhkəmə qərarı verildiyi andan etibarən başqanın səlahiyyətlərinin icrasına dünəndən başlanılıb. Kılıçdaroğlu artıq vəzifəsinin icrasına başlayıb”, - deyə Sönmez vurğulayıb.
News365.az-a daxil olan digər məlumata görə, CHP rəhbəri Özgür Özəl və onun komandası yeni siyasi təşkilat yaratmağa hazırlaşır. Bildirilir ki, yeni qurumun adı “İstiqlal Partiyası” olacaq.
Siyasi müşahidəçilər hesab edirlər ki, bu addım CHP-də dərin parçalanmaya səbəb olacaq. Partiya daxilindəki deputatların da iki düşərgəyə bölünəcəyi gözlənilir.
Qeyd edək ki, son aylarda CHP-də liderlik böhranı və daxili qarşıdurmalar daha da kəskinləşib. Yeni partiyanın yaradılması isə Türkiyə müxalifətində siyasi balansı dəyişə biləcək mühüm hadisə kimi qiymətləndirilir.