Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə 2026-cı ilin iyunu mülki əhali arasında itkilərin sayına görə son illərin ən ağır ayı olub.
News365.az xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Conflict Intelligence Team (CIT) analitik qrupunun hesabatında bildirilir.
Hesabata əsasən, iyun ayında cəbhənin hər iki tərəfində baş verən raket və artilleriya zərbələri nəticəsində azı 451 mülki şəxs həlak olub, 3 293 nəfər isə yaralanıb. Bu, 2024-cü ilin əvvəlindən bəri qeydə alınan ən yüksək aylıq göstəricidir.
Əvvəlki antirekord 2026-cı ilin mayında qeydə alınmışdı. Həmin ay 377 nəfər ölmüş, 2 783 nəfər yaralanmışdı.
İyun ayında baş verən ən ağır hücumlar arasında 2 iyunda Rusiyanın Kiyev və Dnepr şəhərlərinə endirdiyi zərbələr nəticəsində 22 nəfərin həlak olması, 130 nəfərin yaralanması, həmçinin 22 iyunda Ukrayna raketlərinin Voronejdəki "Sborka" zavodunu vurması nəticəsində 5 nəfərin ölməsi göstərilir.
Bundan başqa, 29 iyunda Rusiyanın Dneprə endirdiyi zərbədə 5 nəfər ölüb, 28 nəfər yaralanıb, həmin gün Zaporojyedə marşrut avtobusuna hücum zamanı isə 3 nəfər həlak olub, 7 nəfər xəsarət alıb.
CIT-in təsisçisi Ruslan Leviev hesab edir ki, müharibənin yaxın aylarda daha da qanlı mərhələyə keçməsi ehtimalı yüksəkdir.
Onun sözlərinə görə, Rusiya artıq eskalasiyanı əsasən yaşayış məntəqələrinə zərbələr endirməklə davam etdirir və mülki itkilərin artması riski qalır.
Analitiklər bildirirlər ki, iyulun ilk həftəsində Rusiya ordusu artıq Kiyevə iki kütləvi raket və pilotsuz uçuş aparatı hücumu həyata keçirib. 2 iyul hücumu nəticəsində 31 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Bazar ertəsi gecəsi baş verən növbəti hücumda isə indiyədək 11 nəfərin öldüyü, 46 nəfərin yaralandığı açıqlanıb.