"Azərbaycan qadını müdrikliyi, sədaqəti, intellekti, qəhrəmanlığı ilə hər zaman xalqımızın adını uca tutub. Bu gün də bu ənənə davam edir. Azərbaycan qadını həm işində, həm də ailəsində fədakarlığı, əzmi, qətiyyəti ilə fərqlənir. Müasir Azərbaycan qadını ana olmaqla yanaşı, həm də pedaqoq, siyasətçi, iş adamı, xalqın etimad göstərdiyi deputatdır. Bu fəallıq Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən uğurlu qadın siyasətinin nəticəsidir. Ümummilli Lider Heydər Əliyev həmişə qadın şəxsiyyətinə böyük hörmətlə yanaşır, bütün sahələrdə qadınlara xüsusi yer ayırır, lider qadınlar yetişdirirdi."
Millət Vəkili Nigar Məmmədova bunu News365.az-a açıqlamasında deyib.
"Bu ənənələr bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Qadınların cəmiyyətdəki roluna və yerinə diqqətlə yanaşılır.
Uğurlu qadın siyasətinin davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan qadınları önəmli dövlət qurumlarında təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir. Dövlət başçımızın təbrik məktubunda da qeyd edildiyi kimi, “müasir gənc xanımlarımız bu ənənələrə ehtiram bəsləyir, nəsillərin mənəvi varisliyi prinsipini lazımınca qoruyur, öz maarifpərvər, ziyalı sələflərinin yolunu uğurla davam etdirirlər”.
Dövlətin dəstəyi cəmiyyətimizin inkişafı, dövlət quruculuğu prosesində Azərbaycan qadınının rolunu gücləndirir.
Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva da deyir ki, “qadın olan yerdə həmişə səmimiyyət və sevgi var. Qadın olan yerdə düşmənçiliyə, qarşıdurmaya, nifrətə yer yoxdur. Qadınlar əzəldən bəri dialoq tərəfdarıdırlar. Məhz ona görə, qadın potensialı dialoqun möhkəmlənməsində böyük rol oynaya bilər”. Azərbaycan qadını da bu gün qlobal miqyasda dialoqun möhkəmlənməsində iştirak edir, eyni zamanda dövlət quruculuğu prosesinə töhfələr verməkdədir.
Nailiyyətləri ilə tarixdə iz qoyan qadınlarımız kifayət qədərdir. Azərbaycan qadını həm də qəhrəman, vətənpərvər oğullar yetişdirməklə adını tarixə yazdırıb. Müzəffər Ali Baş Komandan İlham Əliyev də 44 günlük Vətən müharibəsindəki şanlı Qələbəmizdə qadınların rolunu yüksək qiymətləndirirərək bildirmişdir ki: “Göz açıb azad gördüyü yurdunu ana qədər müqəddəs bilən, milli ideallara sadiq gənc nəsli də Azərbaycan qadını öz mənəvi gücü, polad iradəsi hesabına yetişdirmiş, tarixin hökmü ilə ədalətin zəfər çalacağına və haqq işimizin qalib gələcəyinə həmin nəslin qəlbində sarsılmaz inam duyğusu aşılamışdır. Azərbaycan qadınının müasir dövlətçiliyimizə ən dəyərli töhfəsi olan bu nəsil 44 günlük Vətən müharibəsində rəşadəti ilə xalqımızın mübarizlik rəmzinə dönərək ümidləri tam doğrultmuşdur”.
Biz ölkəmizin ərazi bütövlüyü və suverenliyini təmin edən, vətən uğrunda gözünü belə qırpmadan ölümə gedən igid oğulları yetişdirən analara borcluyuq.
Həqiqətən də məhz bu fədakar anaların övladları bu torpaqlar uğrunda canlarından keçiblər. Bizə vətəni canımızdan çox sevməyi öyrədən analarımıza minnətdarıq. Əminliklə deyə bilərik ki, hər qalib xalqın arxasında güclü lider, güclü ordu ilə yanaşı həm də güclü və fədakar analar dayanır.
8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ilk növbədə şəhid və qazi analarını ürəkdən təbrik edir, onlara ən xoş diləklərimizi yetiririk. Şəhid xanımlarımızın əziz ruhunu dərin ehtiramla anırıq."- deyə fikirlərini bildirib.